İqtisadiyyat

Azərbaycan məhsulları Belarusun ən böyük market şəbəkələrində satışa çıxarılıb

20-04-2018 | 14:34        

  

Minskdə Azərbaycan Ticarət Evinin  fəaliyyətə başlaması ilə ölkəmizdə istehsal olunan kənd təsərrüfatı, sənaye və digər yerli məhsulların Belarusa ixracının həcmi xeyli artıb. Artıq Azərbaycan məhsulları Belarusun ən böyük market şəbəkələrində də satışa çıxarılıb.

Ölkəmizdə  sahibkarlığın və qeyri-neft sektorunun inkişafına  göstərilən diqqət, xüsusilə də xarici dövlətlərdə Azərbaycan Ticarət evlərinin açılması müxtəlif çeşidli məhsulların xarici bazarlara çıxarılmasına əlverişli şərait yaradıb. “Made in Azerbaijan” brendi altında xarici bazarlara çıxarılan məhsullarımız özünə layiqli yer tutub. Bu baxımdan Belarus da istisna deyil. Ötən ilin mayında Minskdə Azərbaycan Ticarət Evinin açılması ilə ölkəmizdə istehsal olunan məhsullar Belarusun ən böyük market şəbəkələrinə çıxış əldə edib. Bu müddət ərzində Azərbaycandan Belarusa  yüz tonlarla kənd təsərrüfatı məhsulları, müxtəlif çeşidli şərab və meyvə şirələri, mineral sular, xalça, tekstil, kosmetika və elektrik avadanlığı ixrac olunub. Belarusun müvafiq qurumlarının Azərbaycan məhsullarına verdiyi kvota və lisenziyalar isə iş adamlarımıza istehsal etdikləri məhsulları bu ölkədə satışa çıxarmaq üçün geniş imkanlar yaradıb.

Belarusun ən böyük market şəbəkələrində satılan və yüksək keyfiyyətinə görə müştərilərin diqqətini cəlb edən “Made in Azərbaycan” məhsullarına təlabat daha da artır.

Ölkəmizdə istehsal olunan məhsulların gələcəkdə Belarus vasitəsilə Şərqi Avropa ölkələrinə satışı da nəzərdə tutulur.