Xarici xəbərlər

Dünyada baş verən ən yeni hadisələr

20-04-2018 | 10:34        

  

Rəsmi Vyana miqrasiya qanunvericiliyini sərtləşdirir

Avstriya hökuməti miqrasiya qanunvericiliyini sərtləşdirir. “Biz sığınacaq verilməsi haqqında qanuna dəyişiklik edirik. Məqsədimiz qanunsuz miqrasiya ilə mübarizə və miqrantlarla bağlı sui-istifadə hallarının qarşısının alınmasıdır” - deyə nazirlər şurasının iclasından sonra keçirilən mətbuat konfransında kansler Sebastian Kurts bildirib. Yeni qaydalara əsasən Avstriyaya sığınacaq üçün müraciət edən şəxslər müvafiq orqanlara mobil telefonlarını və 840 avro nağd pul verməlidirlər. Telefonlar miqrantların ölkəyə hansı yolla gəldikləri ilə bağlı müraciətlərinin yoxlanılması üçün istifadə ediləcək. Məlumatlar miqrantların əvvəllər digər Avropa dövlətlərinə getdiyini göstərəcəyi təqdirdə Dublin sazişinə uyğun olaraq onlar həmin ölkələrə göndəriləcəklər. Bundan əlavə miqrantlar hazırkı qaydalara əsasən 6 il yox, 10 il Avstriyada yaşadıqdan sonra vətəndaşlıq üçün müraciət edə bilərlər. Qaçqın statusu ilə bağlı müraciətinə rədd verilən miqrantlar isə dərhal saxlanılmalı və ölkədən deportasiya edilməlidir. Deportasiya yeni qaydaları pozan bütün şəxslərə, o cümlədən həddi-buluğa çatmayanlara da şamil ediləcək.

Parisdə islahatlar əleyhinə keçirilən kütləvi nümayiş polislə şiddətli toqquşmalara çevrilib

Fransada Həmkarlar İttifaqlarının çağırışı ilə ölkədə aparılacaq islahatlar əleyhinə kütləvi nümayişlər keçirilib. Daxili işlər nazirliyinin məlumatına görə ölkəboyu baş tutan 130-dan çox etiraz aksiyasında 120 000-dən artıq adam iştirak edib. Həmkarlar İttifaqları isə bu rəqəmin 300 000 olduğunu iddia edirlər. Paytaxt Parisdə təşkil olunan aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında şiddətli toqquşmalar baş verib. Nümayişçilər asayiş keşikçilərinə daş parçaları, şüşə qablar və partlayıcı maddələr atıblar. Buna cavab olaraq polis onlara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. İğtişaşlar zamanı 7 asayiş keşikçisinin xəsarət aldığı, bir neçə nəfərin isə saxlanıldığı bildirilir.

Santyaqoda tələbələrin kütləvi nümayişində polislə toqquşmalar baş verib

Çilinin paytaxtı Santyaqoda tələbələr kütləvi nümayiş keçiriblər. Minlərlə adamın iştirak etdiyi aksiya ilin əvvəlindən tələbələrin ilk böyük yürüşü hesab olunur. Etirazçılar əsasən dövlət məktəblərinin hökumət tərəfindən tam maliyyələşdirilməsini tələb ediblər. Aksiya zamanı bir qrup etirazçı ilə polis arasında toqquşmalar baş verib. Nümayiş iştirakçıları polisə “Molotov kokteyli”, daş parçaları və müxtəlif əşyalar atıblar. Polis onlara qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Aksiya zamanı saxlanılanların olduğu bildirilsə də, onların sayı açıqlanmır.

Lançjou şəhərində daşqın ciddi fəsad törədib

Çinin şimal-qərbində leysan daşqına səbəb olub. Lançjou şəhərində əksər yerləri su basması nəticəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Şəhərin əsas küçələrində nəqliyyatın hərəkətini idarə etmək üçün çox sayda polis əməkdaşı cəlb olunub. Bir nəfərin itkin düşdüyü bildirilir. Xilasedicilər 300-dən çox sakini təxliyə ediblər.