Siyasət

Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir

20-04-2018 | 09:59        

  

Prezident İlham Əliyevin seçkilərdə qələbəsi onun Azərbaycanın davamlı inkişafına istiqamətlənən siyasətinə xalqın verdiyi qiymətin nəticəsidir. Vyetnamın geniş auditoriyası olan VİTV kanalında Azərbaycanda prezident seçkilərinə həsr olunan geniş reportajda belə vurğulanıb.

Aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi bir çox ölkələrdə olduğu kimi Vyetnamda da böyük maraqla izlənilib. Milyonlarla tamaşaçı auditoriyasına malik VİTV kanalında yayımlanan xüsusi reportajda bildirilib ki, İlham Əliyev seçicilərin 86 faiz səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilib. Bu inamlı qələbə İlham Əliyevin son 15 il ərzində ölkənin davamlı inkişafına istiqamətlənən siyasətinə Azərbaycan xalqının verdiyi qiymətin nəticəsidir.  Reportajda bir çox yerli və beynəlxalq müşahidəçilərin izlədiyi seçkilərin tam şəffaf keçirildiyi bildirilib. Qeyd olunub ki, bu hadisənin  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ərəfəsində baş tutması onu Azərbaycan xalqı üçün daha əlamətdar edib. Bildirilib ki,  İlham Əliyevin yeni prezidentlik dövrü Azərbaycanın inkişafının davamı, ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, digər dövlətlər, o cümlədən Vyetnam ilə qarşılıqlı əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Azərbaycanda baş verən proseslərə Vyetnam xalqının maraq göstərməsinin vurğulandığı reportajda ölkəmizin  müstəqil xarici siyasətinin məhz milli maraqlara əsaslandığı bildirilib, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçı siyasətindən söz açılıb. BMT başda olmaqla bir çox beynəlxalq təşkilatların müvafiq qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi münaqişənin həll olunmamasının əsas səbəbi kimi göstərilib.