Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

17-04-2018 | 10:34        

  

Avropa İttifaqı ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi rüsumlarla bağlı ÜTT-yə müraciət edib

Çinin ardınca Avropa İttifaqı da ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi rüsumlarla bağlı narazılıq fonunda Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. Müraciətində Avropa İttifaqı bu məsələdə böyük marağı olan ixracatçı kimi yaxın zamanda Birləşmiş Ştatlarla məsləhətləşmələrin aparılmasını tələb edib. Sənəddə qeyd olunur ki, müzakirələr təklif olunan tariflərlə bağlı fikir mübadiləsi aparmaq və məsələyə aydınlıq gətirmək məqsədi daşıyacaq. “France-Presse” agentliyinin Avropa Komissiyasındakı mənbələrdən əldə etdiyi məlumata görə hazırda Avropa İttifaqı ilə ABŞ arasında müxtəlif səviyyələrdə danışıqlar aparılır. Avrokomissiya ittifaq ölkələrindən olan istehsalçıların polad və alüminiuma qoyulan böyük məbləğdə tariflərdən qeyd-şərtsiz azad olunmasını tələb edir. Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp polad idxalına 25%, alüminium idxalına 10% rüsumun tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Kanada, Meksika, Avstraliya, Argentina, Braziliya, Cənubi Koreya və Avropa İttifaqı ölkələri üçün müvəqqəti istisnalar nəzərdə tutulub. Aprelin əvvəlində Çin yeni tariflərin tətbiqi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına müraciət edib.

Cənubi Karolinada həbsxanada baş verən qiyam nəticəsində 7 məhbus ölüb, 17 nəfər xəsarət alıb

ABŞ-ın Cənubi Karolina ştatında həbsxanalardan birində qiyam baş verib. Bişopvill şəhərindəki xüsusi rejimli cəzaçəkmə müəssisəsində məhbuslar arasında 8 saat davam edən iğtişaşlar nəticəsində 7 nəfər ölüb, 17 məhbus xəsarət alıb. Nəzarətçilər arasında ölən və yaralanan  yoxdur. Qeyd edək ki, Bişopvill şəhərindəki xüsusi rejimli cəzaçəkmə müəssisəsində 1583 məhbus saxlanılır. 2015-ci ildə bu həbsxanada məhbuslar bıçaqla 1 nəzarətçini qətlə yetirmiş, digərini yaralamışdılar. Xatırladaq ki, bu insident tələfat göstəricisinə görə ABŞ-da 1993-cü ildən bəri həbsxanada baş vermiş ən qanlı qiyamdır.

Araukaniyada 16 yük avtomobili yandırılıb

Çilinin mərkəz hissəsindəki Araukaniya inzibatı ərazisində azı 16 yük avtomobili və ağır texnika yandırılıb. Vandalizm aktının yerli xalq olan mapuçilər tərəfindən törədildiyi ehtimal edilir. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. Qeyd edək ki, Çilinin 17 milyonluq əhalisinin 650 min nəfərini mapuçilər təşkil edir. Onlar artıq uzun müddətdir rəsmi Santyaqodan muxtariyyət tələb edirlər.

Tornado insan tələfatı və dağıntılara səbəb olub

ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında tornado insan tələfatı və dağıntılara səbəb olub. Şimali Karolinanın Qrinsboro şəhərində tornado evlərin damlarını uçurub, ağacları aşırıb, elektrik xətlərini sıradan çıxarıb. Ağacın avtomobilin üzərinə aşması azı 1 nəfərin ölümünə səbəb olub. Təbii fəlakət nəticəsində Reydzvill şəhərində 5 nəfərin xəsarət aldığı bildirilir. Tornado Cənubi Karolina ştatının Kolumbiya şəhərində də dağıntılara səbəb olub. Şimali və Cənubi Karolina, həmçinin Virciniya ştatında 140 000-ə yaxın istifadəçi elektrik enerjisiz qalıb. Virciniyanın Linçberq şəhərində tornado ev və müəssisələrə ciddi ziyan vurub, ağacları və bir neçə avtomobili aşırıb. Dövlət məktəbləri bağlanıb. Tanzaniyada isə leysanın səbəb olduğu daşqınlar azı 9 nəfərin həyatına son qoyub. 3 gündür davam edən aramsız yağışlar nəticəsində Dar əs Salam şəhərinin infrastrukturu və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Ev və yollar su altında qalıb. Məktəblərdə dərslər müvəqqəti olaraq təxirə salınıb. Meteoroloqlar yağıntının davam edəcəyini proqnozlaşdırıblar.