Siyasət

Mayın 28-i Çikaqoda Azərbaycan Milli Günü elan edilib

17-04-2018 | 10:16        

  

ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqonun meri Rahm Emanuel Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyanat verib. Bəyanatda 1918-ci il 28 may tarixində müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

ABŞ-ın Çikaqo şəhərinin meri Rahm Emanuelin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyanatında qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin qısa müddətində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib. Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovet İttifaqının tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. Diqqətə çatdırılır ki, Azərbaycan son 25 ildə özünün suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Bəyanatda bu il mayın 28-də Çikaqoda və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün verdiyi töhfələrinin xatırlanacağı vurğulanır. Mer bəyanatda 2018-ci il 28 may tarixini Çikaqoda Azərbaycan Milli Günü elan edib və bütün Çikaqo sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR