Siyasət

ABŞ-ın Arizona ştatının senatında Azərbaycanın müasir inkişafı və tolerantlığına dair tədbir keçirilib

17-04-2018 | 10:11        

  

ABŞ-ın Arizona ştatının qanunverici orqanında Azərbaycanın müasir inkişafına, xüsusilə ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə dair geniş tədbir keçirilib.

 Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Arizona Ştat Senatı və Nümayəndələr palatasının üzvləri, müxtəlif dini icmaların rəhbərləri iştirak ediblər. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın müstəqil dövlət kimi inkişafından, eləcə də multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. Diplomat, ölkəmizdə unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında gündən-günə daha da gücləndiyini diqqətə çatdırıb. Arizona Ştatı Nümayəndələr palatasının spikeri Cavan Mesnard ötən il Azərbaycana səfərindən xoş təəssüratlarla qayıtdığını, həmçinin Azərbaycan və Arizona ştatı arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri Canna Skot Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu və ölkəmizin tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini vurğulayıb. Arizona Ştat Senatı sədrinin müavini Con Kavana ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini, Azərbaycanın ABŞ üçün regionda mühüm müttəfiq olduğunu vurğulayıb. O, Arizona Ştat Senatı tərəfindən Azərbaycana dair qəbul edilmiş bəyannaməyə toxunaraq, Senatın Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qəti dəstək ifadə etdiyini bildirib.