Xarici xəbərlər

Ermənistanı etiraz dalğası bürüyüb

16-04-2018 | 10:51        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət də gərgindir. “Sarkisyanı rədd edək” cəbhəsi İrəvanda müddətsiz etiraz aksiyalarını davam etdirir. Aprelin 17-də parlamentə hucuma hazırlaşan vətəndaşların qarşısını almaq üşün İrəvana əlavə polis qüvvələri cəlb olunub.  

Serj Sarkisyanın aprelin 17-də baş nazir təyin ediləcəyi ilə bağlı rəsmi xəbər vətəndaşların etirazına səbəb olub. İrəvanda, eləcə də Ermənistanın digər şəhər və kəndlərdə yürüşlər, aksiyalar keçirilir. “Yepkir Tsriani” partiyasının rəhbəri Zarui Postancyan əhalini fəal olmağa çağırıb. “Biz Ermənistanı işğalçılardan təmizləməyə çalışırıq və bunu ümümxalq mübarizəsi hesab edirik” deyə, Postancyan əlavə edib. Onun sözlərinə görə, bu gün Ermənistanın əsas problemi təkcə Sarkisyan deyil, onu və əlaltılarını bir nəfər kimi zərəsizləşdirmək lazımdır. Bu cinayətkar qruplaşma ölkənin bütün sərvətini  talayıb. Ermənistan Sarkisyanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətindədir. Postancyan eyni aksiyları yaxın günlərdə Gümrüdə də təşkil eəcəklərini açıqlayıb. “Çıxış” partiyasının rəhbəri Nikol Paşinyan və tərəfdarları isə mitinq üçün Fransa meydanını seçiblər. Aksiya iştirakçıları Serj Sarkisyanın yenidən hakimiyyəti əlinə almasına qarşı çıxırlar. Etirazçılar bildirirlər ki, Ermənistanda hazırda faşist rejimi hökm sürür. Sarkisyan və komandasının nasistlərdən heç bir fərqi yoxdur. Narazı kütlə sonra İctimai Radionun binasına yürüş edib. Media qurumu 1926-cı ildən ilk dəfə yayımını dayandırıb. Radionun binasına elektrik enerjisi kəsilib. Nikol Paşinyan bildirib ki, radionun ələ keçirilməsində məqsəd informasiya blokadasına etirazdır. Ermənistanda tələbələr də Sarkisyanın baş nazir olmasına qarşı aksiya keçirirlər. İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib. Tələbələr Universitetin binasına daxil olaraq hər kəsi dərsləri dayandırmağa çağırıblar. İrəvan polisi bütün bu addımların qeyri-qanuni olduğunu bəyan edib. Bildirilir ki, etiraz aksiyalarının təşkilatçıları sərbəst toplaşma haqqında qanunun tələblərini pozurlar. Ona görə də bütün qanun pozucuları saxlanılacaq və ciddi cəzalandırlacaqlar. Buna baxmayaraq vətəndaş qüvvələrinin geri addım atmaq fikri yoxdur. Məqsəd parlamentin Sarkisyanı baş nazir postuna seçilməsinə mane olmaqdır. Vətəndaşların bu istəyinin qarşısını almaq üçün İrəvana əlavə polis qüvvələri cəlb edilib.