Siyasət

ABŞ-ın Arizona Ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə edən bəyannamə qəbul edib

16-04-2018 | 10:48        

  

ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir.  Birləşmiş Ştatların Arizona Ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə edən bəyannamə ilə çıxış edib.  

100 il öncə Azərbaycan xalqı müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaradıb, həmin respublika qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atıb, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verib.  Bu fikirlər Birləşmiş Ştatların Arizona Ştatının Senatının Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə edən bəyannaməsində əksini tapıb. Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana bəyannaməni oxuduqdan sonra yekdilliklə qəbul edilib.  Senat sədri Stiv Yarbrou tərəfindən imzalanan bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Bəyannamədə, həmçinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır. 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə  də yüksək qiymətləndirilir. Bəyannamənin sonunda Arizona Ştat Senatı Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR