Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

16-04-2018 | 10:34        

  

Prezident seçkilərində Milo Cukanoviç qalib gəlib

Monteneqroda keçirilmiş prezident seçkilərinin ilkin nəticələri məlum olub. Nəticələrə əsasən Sosialistlərin Demokrat partiyasının lideri Milo Cukanoviç 53,9% səs toplayaraq qalib gəlib. Onun əsas rəqibi Mladen Boyaniç səslərin 33,4%-ni qazanıb. Seçkilərdə yeganə qadın namizəd Draginya Vuksanoviç 8,3%-lə üçüncü yerdədir. Səsvermədə qalib gəlmiş Milo Cukanoviç 5 dəfə hökumətə rəhbərlik edib, 1998-2002-ci illərdə Monteneqro Prezidenti olub.

Həbs olunmuş kataloniyalı siyasətçilərin azad olunması tələbi ilə Barselonada kütləvi nümayiş keçirilib

İspaniyanın Kataloniya regionunun müstəqilliyi hərəkatının həbsdə olan liderlərinə dəstək nümayişi keçirilib. Barselonada təşkil olunan aksiyada 300 mindən çox adam iştirak edib. Aksiya iştirakçıları 15 kataloniyalı siyasətçinin azad olunmasını tələb edib, onların həbsinin qanuna zidd olduğunu iddia ediblər. Etirazçılar şəhərin bir neçə əsas küçəsini bağlayıblar. Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyanın İspaniyadan ayrılmasına dair referendum keçirilib. Səsvermədə iştirak edənlərin 90,18%-i müstəqiliyin lehinə səs verib. Rəsmi Madrid referendumun nəticələrini tanımayıb, onun təşkilatçıları həbs olunub. Onlara qarşı bir neçə maddə, o cümlədən qiyama təhrik maddəsi üzrə ittiham irəli sürülüb.

Baden-Vürtemberqdə təyyarələrin toqquşması nəticəsində 2 nəfər həlak olub

Almaniyanın  Baden-Vürtemberq vilayətində 2 yüngülmühərrikli təyyarə havada toqquşub. Qəza nəticəsində azı 2 nəfər həlak olub. Təyyarələrdən biri toqquşmadan sonra alışıb. Əraziyə təcili tibbi yardım briqadaları və helikopter cəlb olunub. Tələfatın artacağı istisna olunmur.  Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Çovğun səbəbindən minlərlə ev elektrik enerjisiz qalıb, 1800-dən çox aviareys təxirə salınıb

ABŞ-ın orta-qərb və şərqində qasırğa, güclü qar və tornado ciddi fəsad törədib. Miçiqan ştatınının bəzi ərazilərində qarın qalınlığının 46 santimetrə çatacağı gözlənilir. 325 000 ev və müəssisə elektrik enerjisiz qalıb. Ən ciddi vəziyyət Miçiqanın Detroyt şəhərində qeydə alınıb. 1000-dən çox elektrik xəttinə ciddi ziyan dəyib. Viskonsin ştatında qarın hündürlüyü 58, Minnesotada isə 55 santimetrə çatıb. Əlverişsiz hava aeroportların işinə də təsir göstərib. Hava limanlarında 1800-dən çox aviareys təxirə salınıb. Şimali Karolina, Arkanzas, Luiziana, Missuri, Texas, Nebraska, Viskonsin və Luiziana ştatlarında isə tornado insan tələfatına səbəb olub. Yol qəzaları və ağacların aşması nəticəsində Şimali Karolina, Nebraska, Viskonsin və Luizianada 4 nəfər ölüb, daha 4 adam xəsarət alıb. 160 evə ziyan dəyib. Kanadaya da güclü qar yağıb. Təbii fəlakət nəticəsində Toronto şəhərində 200-dən çox yol qəzası baş verib. Toronto hava limanında onlarla uçuş ləğv edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR