İqtisadiyyat

Qlobal Sahibkarlıq Konqresində Azərbaycanda sahibkarlığın inkişafı barədə məlumat verilib

16-04-2018 | 10:29        

  

İstanbulda keçirilən Qlobal Sahibkarlıq Konqresində Azərbaycanda sahibkarlığın inkişafı, bu sahədə görülən işlər barədə məlumat verilib.

İstanbulda 170-dən çox ölkədən rəsmi şəxslər, sahibkarların iştirakı ilə “Qlobal Sahibkarlıq Konqresi-2018” başlayıb. Konqresin nazirlər toplantısında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın iqtisadi imkanlarından danışıb. Bildirilib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Startapçıların dəstəklənməsi, sahibkarlıq ekosisteminin inkişafı, ideyanın biznesə çevrilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. Toplantıda sahibkarlara maliyyə resurslarına çıxış, güzəştli kreditlər, sahibkarların maarifləndirilməsi, startapçıların inkişafı üçün biznes-inkubatorunun yaradılması istiqamətində reallaşdırılan layihələrdən də söz açılıb. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatında özəl sektorun payı Ümumi Daxili Məhsulun 80 faizini, məşğulluğun isə 75 faizini keçib. Hazırda qeydiyyatdan keçən sahibkarlıq subyektinin sayı 900 mindən çoxdur.

Qlobal Sahibkarlıq Konqresi dünyada sahibkarlıq fəaliyyətinə yeni başlayan və iş yerləri yaradan startapçılar üçün ən böyük tədbirlərdən hesab edilir. Konqresin məqsədi sahibkarlığın inkişafı istiqamətində yeni ideya və təşəbbüslərin formalaşması, sahibkarlıq ekosisteminin inkişafı üçün müzakirələr aparmaqdır. Konqres aprelin 19-dək davam edəcək.