Analitika

Azərbaycanla İran arasında ikitərəfli və digər formatlarda davam edən uğurlu regional əməkdaşlıq və iqtisadi-siyasi münasibətlər daha da möhkəmlənib

29-03-2018 | 15:35        

  

Özünün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir. İki ölkə arasında ikitərəfli və digər formatlarda davam edən uğurlu regional əməkdaşlıq isə iqtisadi-siyasi münasibətlərin daha da möhkəmlənməsini şərtləndirib. Bu baxımdan son illər intensiv xarakter alan yüksək səviyyəli qarşılıqlı səfərlər müstəsna əhəmiyyət daşıyır.

Xarici siyasətinin gündəliyində duran prioritetləri milli maraqlara, eyni zamanda dövrün və beynəlxalq münasibətlərin tələblərinə uyğun yeniləyən Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verir. Bu sırada İran İslam Respublikası ilə çoxşaxəli əlaqələr bir çox özünəməxsus cəhətlərinə görə seçilir. Eyni zamanda, rəsmi Tehran Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son 4 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu müddətdə 11 yüksək səviyyəli görüş, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək 150-dən artıq sənəd imzalanıb. Rəsmi Bakı ilə Tehranın mövcud əlaqələrini şərtləndirən bəzi amillərə nəzər salaq. 

 - hər iki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı mühüm rol oynayır;

- Azərbaycan ilə İran üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyib və bundan sonra da bir-birinə lazımi dəstək göstərmək niyyətlərini ifadə ediblər;

- İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır və Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir;

Bu dövlətin ölkəmizin suverenliyi, ərazi bütövlüyünə hörmətlə yanaşdığını göstərən digər mühüm amil isə Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” imzalanan sazişdir.

-  Azərbaycan da həmişə İrana qarşı sanksiyaların əleyhinə olub və bu barədə bütün yüksək kürsülərdən öz sözünü deyib;

- hər iki ölkə bölgədə və dünyada sülh, əmin-amanlıq və əməkdaşlığın bərqərar olmasına çalışır;

- İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ikitərəfli ticarət dövriyyəsi ilbəil daha da artır;

Xatırladaq ki, hazırda ölkəmizdə maliyyə, bank, sığorta, tikinti, kənd təsərrüfatı, turizm, avtomobil istehsalı, əczaçılıq və digər sektorlar üzrə İran investisiyalı 700-dən artıq şirkət fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 16 faiz artıb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 milyard ABŞ dollarına çatıb. İkitərəfli münasibətlər energetika, nəqliyyat, neft-qaz, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə də yüksələn xətt üzrə inkişaf edir. Dövlətlərarası müştərək komissiyanın fəaliyyət göstərməsi isə əlaqələrin inkişafına xüsusi impuls verir. Ancaq həm İranın, həm də Azərbaycanın mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətini gündəmə gətirir. Məhz, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ölkəmizə növbəti rəsmi səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan sənədlər də bu baxımdan mühüm önəm kəsb etdi. Xüsusilə, Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu və Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyır və bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha yüksək pilləyə qalxmasını şərtləndirəcək.

Yeri gəlmişkən, Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən biri olan və Fars körfəzi, Oman dənizi, həmçinin, Hind okeanını, avtomobil və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya, Rusiya və eləcə də Avropaya birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 kilometr, İranda 1,4 kilometr dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi də artıq reallıqdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı da beynəlxalq aləmdə özünə layiqli yer tutmaqdadır. Bundan başqa, ölkəmizin digər təşəbbüsləri olan Azərbaycan-İran-Türkiyə üçtərəfli və yeni nəqliyyat marşrutu - Cənub-Qərb dəhlizini gündəmə gətirən Azərbaycan-İran-Türkiyə-Gürcüstan dördtərəfli regional əməkdaşlıq formatları da bütün Avrasiya regionu üçün yeni imkanlar açır və əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. İki ölkə arasında energetika sahəsində əməkdaşlıq da əsas istiqamətlərdən biri kimi diqqət çəkir.

Ötən müddət ərzində İrandan Azərbaycana gələn turistlərin sayı da xeyli artıb. 2016-cı ildə bu göstərici 240 min olduğu halda, ötən il 360 mini ötüb. Azərbaycana gələn turistlərin sayına görə iranlılar 3-cü, “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında isə 1-ci yerdədir. Bir sözlə, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və İran arasında münasibətlər intensiv inkişaf edir və bunun üçün ortada siyasi iradə var. Digər tərəfdən Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti sübut edir ki, əgər münasibətlərdə səmimiyyət, qarşılıqlı hörmət, xoş niyyət olarsa, hətta yerləşdiyimiz qeyri-sabit, böhran və münaqişələrlə dolu regionda belə risklərdən qorunmaq, sabitliyi möhkəmləndirmək, əməkdaşlığı dərinləşdirmək mümkündür. Bundan əlavə, bu gün dünyada islamofobiya kabusunun dolaşdığı, islam dinini terrorla, zorakılıqla əlaqələndirmək cəhdlərinin müşahidə olunduğu bir zamanda İran və Azərbaycanın daha sıx yaxınlaşması islamafob qüvvələr və ideyalarla mübarizə baxımından da ümumi mənafeyə xidmət edən ciddi addım kimi xüsusi qeyd edilməlidir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR