Analitika

Ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədlərindən biri də aqrar sektorda yüksək nəticələrə nail olmaqdır

27-03-2018 | 09:51        

  

Bu gün ölkədə həyata keçirilən regionların sosial–iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədlərindən biri də aqrar sektorda yüksək nəticələrə nail olmaqdır. Sözügedən reallığı təmin etmək üçün əsas faktor isə regionlaşdırma, məhsuldarlığı ilə fərqlənən bölgələrin əvvəlki şöhrətini qaytarmaq və müxtəlif rayonlara xas ənənəvi məhsullar yetişdirməkdir. Məhz, özünün yeni inkişaf mərhələsinə qədəm qoyan pambıqçılıq bu baxımdan  mühüm önəm kəsb edir.

Müstəqilliyin ilk illərində üzləşdiyi iqtisadi və siyasi problemlərə rəğmən bu gün Azərbaycan bütün sahələrdə sürətli inkişaf yolundadır və burada kənd təsərrüfatı, onun ənənəvi sahələri, xüsusilə pambıqçılığın bərpası istiqamətində ciddi addımlar atılmaqdadır. Xüsusən 2015-ci ilin sonlarından etibarən pambıqçılığın sistemli şəkildə inkişafına başlanıldı. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. Bu məqsədlə böyük vəsait ayrıldı, kompleks tədbirlər həyata keçirildi. Eyni zamanda meliorasiya sahəsində mühüm layihələr icra olundu və bu işlər davam etdirilir. 2016-cı ilin sentyabrında Sabirabadda, 2017-ci ilin martında Saatlıda, bu il isə Bərdədə pambıqçılığın inkişafına dair respublika müşavirələrinin keçirilməsini də bu sahəyə dövlət dəstəyinin əyani nümunəsi kimi xarakterizə etmək olar. Bundan başqa, pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılıb. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atıblar. İki il ərzində Azərbaycanda pambığın tədarükü 6 dəfə artaraq, 35 min tondan 207 min tona çatdırılıb və bu, son hədd deyil. Odur ki, Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. Bir sözlə, tam əminliklə söyləmək olar ki. pambıqçılıq özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, bu sahəyə maraq göstərən fermerlər təsəssüfatlarını ildən-ilə genişləndirirlər. 2016-cı ildə 52 min hektar təşkil edən əkin sahəsinin 2017-ci ildə 136 min hektara qədər yüksəlməsi faktı da bu reallığı təsdiqləyir.

Qarşıda isə daha böyük hədəflər var və bunun üçün real əsaslar yaradılır, kompleks tədbirlər davam etdirilir. Dövlət İnvestisiya Proqramı çərçivəsində bu sahəyə vəsait ilbəil artırılır, subsidiyalar verilir, vergi güzəştləri tətbiq olunur, əkin dövriyyəsi genişləndirilir və s. Şaxələndirilən ölkə iqtisadiyyatının fundamental prinsiplərindən biri də müasir texnologiyaların tətbiqidir. Təbii ki, bu, kənd təsərrüfatının ayrı–ayrı sahələri, o cümlədən pambıqçılıqda da mühüm amil kimi dəyərləndirilir və intensiv istehsalın, başqa sözlə, vahid sahədən orta məhsuldarlığın artırılmasında əsas şərtlərdən hesab olunur. Odur ki, dövlət xətti ilə böyük həcmdə müasir texnikalar alınır. Bura 500-ə yaxın pambıqyığan kombayn daxildir ki, onların böyük hissəsi artıq ölkəyə gətirilib. O cümlədən, ölkədə istehsal olunan traktorlar, digər texnika və qoşquları da qeyd etmək olar.

Pambıq elə bir məhsuldur ki, onun satışı üçün bazarlar axtarmaq lazım gəlmir, birjalarda satılır və şübhəsiz ki, bu da böyük üstünlükdür. Bundan başqa, pambıqçılıq ciddi əmək tutumlu sahədir, bölgələrdə  məşğulluğun təmin olunmasında xüsusi rol oynayır və işsizliyin daim aşağı səviyyədə saxlanılmasına imkan verir. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi amildir. Pambıqçılığın inkişaf etdirilməsi həmçinin, ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasını şərtləndirir. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılıb. Bu ilin fevralında isə Parkın iki yeni müəssisəsi fəaliyyətə başlayıb. Həmin müəssisələrdə 700-dən çox insan çalışır və 20 min ton iplik istehsal edilməsi hədəflənir. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Heç şübhəsiz ki, əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər. Digər tərəfdən,  əvvəllər ölkəmizdə fəaliyyət göstərən, son illər isə pambıq istehsalının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandıran müəssisələr yenidən bərpa olunacaq ki, bütün bunlar da yeni iş yerlərinin açılması deməkdir. Xatırladaq ki, 2020-ci ilə qədər 200 min hektarda pambıq əkini, 600 min ton pambıq tədarükü planlaşdırılır. Bu isə 300 min insanın işlə təmin olunması deməkdir. Gübrə ilə təminat da yaxşılaşır. Dövlət bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir. Yeri gəlmişkən, pambıqçılığın inkişafı eyni zamanda, bu istiqamətdə də yerli istehsala böyük dəstək verib. Məsələn: ölkəmizdə ilk dəfə olaraq pestisid istehsal edilir və bu ildən etibarən Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Bundan başqa, ölkədə suvarma texnikasının istehsalı da təşkil olunub. Bütün bunlar isə növbəti illərdə qarşıda duran əsas vəzifələrdən olan məhsuldarlığın artırılmasına mühüm töfhələrdir. Ümumilkdə, pambıqçılığın ölkə iqtisadiyyatı üçün faydalarını qruplaşdırsaq qısaca belə xarakterizə etmək olar. İlk növbədə:

- məşğulluq təmin edilir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır;

- ölkəmizə valyuta gətirir;

- qeyri-neft sənayesini inkişaf etdirir;

- yerli istehsala təkan verir və s.

Beləliklə, Azərbaycanda pambıqçılıqın keçmiş şöhrətinin qaytarılacağına heç bir şübhə yeri qalmır. İstər gübrə, istər texnika, istərsə də əkin sahələrinin ayrılmasında genişmiqyaslı işlərə start verilməsi, ehtiyatda olan, yaxud əkilməyən torpaqlarda da çiyid səpininin həyata keçirilməsi də dediklərimizə əminlik yaradır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR