Xarici xəbərlər

Texasın Ostin şəhərində baş vermiş partlayışda 2 nəfər yaralanıb

19-03-2018 | 11:32        

  

ABŞ-ın Texas ştatının Ostin şəhərində daha bir partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Bu, son 3 həftədə Ostində qeydə alınmış dördüncü belə haldır. Polis partlayışa nəyin səbəb olduğunu və əvvəlki partlayışlarla əlaqəli olub-olmadığını açıqlamır. Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları cəlb olunub. Xatırladaq ki, martın 2-də Ostində şəxsi evlərdən birinin qarşısında bağlamanın partlaması 39 yaşlı şəxsin ölümü ilə nəticələnmişdi. Martın 12-da şəhərdə daha iki yerdə içərisinə partlayıcı qurğu yerləşdirilmiş bağlamanın partlaması nəticəsində 1 nəfər həlak olmuş, 2 adam yaralanmışdı. Hüquq-mühafizə orqanları ilkin olaraq insidentlərin irqi zəmində törədildiyini istisna etməsə də, hazırda bütün ehtimalları nəzərdən keçirir.