Bölgələr

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya davam edir

16-03-2018 | 16:38        

  

Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Məqsəd şagirdləri müxtəlif bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, nailiyyətləri ilə yaxından tanış etməkdir. Səfər ərzində iştirakçılarda respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə də əyani təsəvvür yaranır.  Dünəndən start götürən növbəti 9-cu tur-aksiyada 6 istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, 3393 nəfər iştirak edəcək. Məktəblilər üçün asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Saatlı, Sabirabad, Ucar, Kürdəmir, Qax, Zaqatala və Balakən rayonularının məktəbliləri Gəncə şəhəri ilə tanış olublar. Onlara son illər Gəncədə aparılan yeni tikinti layihələri və yenidənqurma tədbirləri haqqında ətraflı məlumat verilib. Məktəblilər 1604-cü ildə inşa olunan Şah Abbas çümə məscidi və qədim Çökək hamamla tanış olublar. Hər iki abidə Şah Abbasın göstərişi ilə, öz dövrünün görkəmli memarlı Şeyx Bahəddin tərəfindən inşa olunub. Sonra məktəblilər Cavad xanın adının daşıyan küçə, Gəncə Dövlət Filarmoniyası, Məhsəti Gəncəvi Mərkəzi və muzeyinə də baş çəkiblər.

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Şirvan, Lənkəran şəhərlərindən, Astara, Lerik, Yardımlı, Salyan, Beyləqan, Nefçala, Yevlax, Şuşa, Zəngilan rayonlarından olan 300-dən çox şagird Qubaya gəlib. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məktəblilərə Qubanın tarixi, müasir sosial-iqtisadi və mədəni inkişafı barədə məlumat verib. Ekskursiya dağ yəhudilərinin yaşadıqları Qırmızı qəsəbə ilə tanışlıqla başlayıb. Məktəblilər daha sonra Tağlı Körpü, Cümə məscidi, Xalçaçılıq emalatxanasında olublar. Sonra Quba Soyqırımı Memorial kompleksini ziyarət edən məktəblilər 20-ci əsrin əvvəllərində ermənilərin törətdikləri bu dəhşətli faciə haqda ətraflı məlumatlandırılıblar.

Qəbələ-Şəki-Zaqatala marşrutu ilə səfər edən Gəncə şəhərinin, Xocalı, Kəlbəcər, Göygöl, Gədəbəy, Samux, Goranboy, Şəmkir və Tərtər rayonlarının məktəbliləri əvvəlcə Şəkiyə gəliblər. Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova şagirdlərə qədim şəhərin tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, sənətkarlıq nümunələrinə malik olan Şəki qısa zamanda turizmin ən yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xan sarayı ilə tanış olublar.

Sonra tur-aksiya iştirakçıları “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəziblər. Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Məktəblilər, həmçinin qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində də olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.

Agdaş, Agsu, Qobustan, Quba, Qusar və Xaçmaz rayonlarının məktəbliləri isə Lənkərana gəliblər. Heydər Əliyev Xatirə Parkında olan məktəblilər ulu öndərin adını daşıyan Mərkəzdə onun zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. ur-aksiya iştirakçıları Lənkəranın istirahət mərkəzlərində, çay plantasıyalarında, muzeylərində olacaq, sonra isə Masallı və Astaraya da səfər edəcəklər.