Siyasət

2016-2020-ci illər üçün Ölkə üzrə Əməkdaşlıq Proqramının Orta Dövr İcmalı müzakirə edilib

16-03-2018 | 14:05        

  

Azərbaycan Höküməti və BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Ölkə üzrə Əməkdaşlıq Proqramının Orta Dövr İcmalına dair müzakirələr keçirilib.

2016-2020-ci illər üçün Ölkə üzrə Əməkdaşlıq Proqramında, Azərbaycan Hökumətinin BMT-nin Uşaq Fondu ilə birgə həyata keçirəcəyi layihələr əksini tapıb. Həlli nəzərdə tutulan məsələlərin müzakirəsi məqsədi ilə təşkil edilən toplantıda Baş nazirin müavini Elçin Əfəndiyev bildirdi ki, indiyədək Azərbaycan BMT-nin Uşaq Fondu ilə birlikdə uşaqların inkişafı istiqamətində bir çox layihələri uğurla həyata keçirib. Bundan sonrakı birgə əməkdaşlıq, reallaşdırılacaq layihələr bu sahənin inkişafına daha da kömək edəcək. UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin isə dedi ki, Azərbaycan hökuməti uşaqların inkişafı, təhsili, sağlam şəraitdə böyüməsi üçün UNİCEF tərəfindən təklif edilən bütün ideyaları böyük məmmuniyyətlə dəstəkləyir. Bu isə dövlətin uşaq siyasətinə verdiyi önəmin göstəricisidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqların inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışdı. Komitə sədri bildirdi ki, uşaqlar üçün məlumat bazası yaradılıb, övladlığa götürülmə sistemi elektronlaşdırılıb. Təhsil nazirinin müavini Firudin Qurbanov da son 10 il ərzində Azərbaycanda 3 mindən çox yeni məktəb binasının tikilib istifadəyə verildiyini dedi. Belə ki, ən ucqar kəndlərdə yerləşən məktəblərin də maddi-texniki bazasının yaxşlılaşdırılması istiqamətində mühüm işlər görülüb və ötən il 100 modul tipli məktəb istifadəyə verilib. Bu il isə daha 137 modul məktəbin tikintisi planlaşdırılır. Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə uşaqların sağlam böyüməsinin daim diqqətdə saxlanıldığını vurğuladı. Hazırda Azərbaycanda 11 infeksion xəstəliyə qarşı dövlət hesabına peyvəndləmə işi həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ölkədə bir sıra idarəolunan infeksion xəstəliklər müşahidə olunmur. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov UNİCEF-lə nazirlik arasında həyata keçirilən layihələrdən danışdı. Birgə hazırlanan Sosial xidmət haqqında qanun layihəsinin uğurlu icrası 4 min 46 uşağın bu xidmətdən  yararlanmasına şərait yaradıb. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev isə bildirdi ki, bu ildən başlayaraq UNİCEF-lə birgə yeniyetmə və gənclərin inkişafına xidmət edəcək iki pilot layihənin reallaşdırılması nəzərdə tutulub. Müzakirələrdə BMT-nin Uşaq Fondunun, dövlət qurumlarının,QHT-lərin proqramla bağlı rəy və təklifləri dinlənildi.