Siyasət

Monteneqro parlamentinin sədri İvan Brayoviç: “Monteneqro dost Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır”

14-03-2018 | 14:09        

  

“Monteneqro dost Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır”. Bu fikri ölkəmizdə səfərdə olan  Monteneqro parlamentinin sədri İvan Brayoviç Milli Məclisdə keçirdiyi görüşdə səsləndirib.

Dost və tərəfdaş ölkələr olan Azərbaycanla Monteneqro arasında yüksək səviyyədə əməkdaşlıq qurulub. Bunu deyən Milli Məcəlisin sədri Oqtay Əsədov münasibətlərin möhkəmləndirilməsinə dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rolunu vurğuladı. Diqqətə çatdırdı ki,  indiyədək ölkələrimiz arasında 16 ikitərəfli sənəd imzalanıb. Spiker beynəlxalq qurumlardakı birgə əməkdaşlıqdan razılıq edərək parlamentlərarası münasibətləri də yüksək qiymətləndirdi. İqtisadi sahədəki  əməkdaşlıqdan danışarkən bu istiqmətdə hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini ticarət, investisiya, turizm sahələrində uğurlu addımların atıldığını dedi. Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizdəki inkişafa və gözəlliyə heyran qaldığını deyən Monteneqro parlamentinin sədri İvan Brayoviç dövlətlərimiz arasında yaxşı əməkdaşlığın qurulduğunu və Monteneqronun bunun inkişafında maraqlı olduğunu diqqətə çatdırdı. O, Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun “İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirlməsində parlamentarilərin rolu” mövzusunda ilk beynəlxalq konfransda iştirakından məmnunluğunu bildirərək tədbirdə müzakirə olunan məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini dedi. Əlavə etdi ki, onun ölkəsi Azərbaycanın təşəbbüsü ilə yaradılan bu qrupu və layihəni dəstəkləyir. Qonaq Azərbaycanın beynəlxalq qurumlarda, o cümlədən ATƏT PA-dakı rolunu və fəaliyyətini də yüksək qiymətləndirdi. Monteneqronun Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğularaq ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində tezliklə ədalətli həllini tapacaq.