Siyasət

Bir qrup xarici KİV Azərbaycanın mühüm ölkə olmasına dair məqalələr dərc edib

14-03-2018 | 11:22        

  

“Azərbaycan ABŞ üçün mühüm müttəfiqdir”. “The Washington Times” qəzetində dərc olunan məqalədə belə deyilir. Almaniyanın “Beynəlxalq siyasət” jurnalında isə Azərbaycanın Avropa İttifaqı üçün mühüm ölkə olduğu qeyd edilib. İtaliyanın “exportiamo.it” portalında yerləşdirilən məqalədə də ölkəmizin Avropa və Uzaq Şərq arasında strateji birləşdirici halqa olduğu diqqətə çatdırılır.

“Azərbaycan ABŞ üçün mühüm müttəfiqdir”. Birləşmiş Ştatların BMT-də yüksək vəzifəli hərbi nümayəndəsi Ceyms Laynsın “The Washington Times” qəzetində dərc olunan məqaləsində bu fikir əksini tapıb Yazıda Erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirməyə cəhd göstərməsi, Xocalı soyqırımı, Sumqayıt hadisələri barədə də ətraflı məlumat verilir. “Qafqaz regionu və Azərbaycan, geostrateji əhəmiyyətə malikdir. Burada neft və qaz kimi resursların nəqli, nəqliyyat yollarının bu regionda kəsişməsi də öz rolunu oynayır. Belə bir şəraitdə Vaşinqtonla Bakı arasında əlaqələr genişlənir. Amma bu əməkdaşlığı pozmağa cəhdlər də göstərilir. Belə addımlar Ermənistan və ABŞ-da fəaliyyət göstərən erməni lobbisi tərəfindən atılır”. Sitatın sonu. O da vurğulanır ki, son dövrlər Cənubi Qafqaz regionu “Yeni İpək yolu” layihəsinin həyata keçirilməsində, onun maraqlarının təmin edilməsində mühüm rol oynamağa başlayıb.

Almaniyanın “Beynəlxalq siyasət” jurnalında dərc olunan “Cənub dəhlizinə ümidlə” adlı məqalədə isə bildirilir ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm ölkədir. “Cənub Qaz Dəhlizi” layihəsi haqqında ətraflı məlumat verilən yazıda vurğulanır ki, Avropa İttifaqı Azərbaycanın təbii qazı hesabına enerji təhlükəsizliyini möhkəmləndirmək istəyir. Cənub Qaz Dəhlizi sayəsində Cənubi Avropa ilk dəfə Xəzər dənizinin təbii qazı ilə təchiz olunacaq. Avropa İttifaqının Cənub Qaz Dəhlizini dəstəklədiyini deyən müəllif qeyd edir ki, Azərbaycan enerji sahəsində Cənubi Qafqazda Avropanın ən mühüm tərəfdaşı olacaq. Azərbaycan enerji resurslarının təchizatı üzrə Avropanın Avrasiya regionunda əsas tərəfdaşı kimi çıxış edəcək.

İtaliyanın “exportiamo.it” internet portalında yerləşdirilən yazıda da Azərbaycanın Avropa və Uzaq Şərq arasında strateji birləşdirici həlqə olduğu vurğulanır. Ölkəmizin zəngin təbii ehtiyatlara, böyük sənaye və kənd təsərrüfatı potensialına malik olduğu, Şərq və Qərbin, Şimal və Cənubun qovuşuğunda mühüm geosiyasi və iqtisadi əhəmiyyətli ərazidə yerləşdiyi, enerji bazarında əhəmiyyətli iştirakçıya çevrildiyi bildirilir.