Siyasət

Bakıda “İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda ilk beynəlxalq konfransı keçirilir

13-03-2018 | 16:27        

  

Bakıda ATƏT Parlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə yaradılan İpək Yoluna Dəstək Qrupunun “İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda ilk beynəlxalq konfransı keçirilir. Tədbir iştirakçıları Azərbaycanın irəli sürdüyü bu təşəbbüsün üzv dövlətlər üçün yeni imkanlar yaradacağını bildiriblər.

ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan və təsis yığıncağı 17 ölkənin iştirakı ilə Minskdə baş tutan qurumun İpək Yoluna Dəstək Qrupunun üzvlərinin sayı getdikcə artır. Qrupun Bakıda keçirilən “İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirlməsində parlamentarilərin rolu” mövzusunda ilk beynəlxalq konfransı açan assambleyanın vitse-prezidenti, İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev diqqətə çatdırdı ki, hazırda qrupun 22 üzvü var. Bu da Avropa ölkələrinin Azərbaycanın təşəbbüsünə marağının göstəricisidir.

Dinamik inkişaf edən Azərbaycanın bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirakından danışan Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə bildirdi ki, ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün əməli addımlar atılır. İpək Yolu üzərində yerləşən əsas ölkələrdən olan Azərbaycan bu yoldan faydalanan dövlətlərə yeni imkanlar açır. Azərbaycan qədim İpək Yolunun bərpasına investisiya yatıran ölkədir. Ölkəmzin təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr barədə məlumat verən vitse-spiker Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışaraq bunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu dedi. Şimal-Cənub Nəqliyyat Dəhlizinin də Azərbaycanın iqtisadi inkişafına zəmanət vəd etdiyini vurğulayaraq ölkəmizin coğrafi mövqeyinin də dünya ölkələrinə böyük imkanlar yaratdığını diqqətə çatdırdı. Azərbaycanın İpək Yoluna Dəstək Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etməsinin təsadüfi olmadığnı deyən Bahar Muradova bildirdi ki, ölkəmizin belə bir təşəbbüsü irəli sürməsinə mənəvi və siyasi haqqı var.

Ölkəmizə belə bir tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürünü bildirən ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Bakı konfransının mühüm əhəmiyyət daşıdığını dedi. Azərbaycanın qrupun yaradılmasına dair bu böyük ideyası və təşəbbüsünün assambleyada razılıqla qarşılandığını vurğulayaraq diqqətə çatdırdı ki, iqtisadi əməkdaşlıq assambleyanın fəaliyyətində böyük əhəmiyyət kəsb edir. İpək Yolunun ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacağını deyən assambleya sədri ötən il işə düşən Bakı-Tbilis Qars dəmir yolu xəttinin gətirəcəyi faydalardan danışdı. Onun sözlərinə görə, bu layihə sayəsində regional infrastruktur da yenilənir, müasirləşir.

Monteneqro Parlamentinin sədri, bu ölkənin assambleyadakı nümayəndə heyətinin rəhbəri İvan Brajoviç də ölkələri birləşdirən belə yolların insanlar, xalqlar arasında münasibətlərin möhkəmləndirilməsində mühüm rolundan danışdı. O, Azərbaycanın irəli sürdüyü bu təşəbbüsün üzv dövlətlər üçün yeni imkanlar yaradacağını bildirdi. 

Layihələrin icrası üçün dayanıqlı siyasi və makroiqtisadi sabitlik təmin olunmalıdır ki, Azərbaycan da bu sahədə artıq özünü doğruldub. Bu fikri sə xarici işlər naziri Elmar Məmmədyarov səsləndirdi. Sitat: məqsədimiz Azərbaycanı yeni logistika qovşağı kimi təbliğ, eyniz zamanda Avropa və Asiya arasında ticarəti təşviq etməkdir. Biz “İpək yolu”nu yeni alətlər vasitəsilə yeniləyirik. Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir, logistika mərkəzləri yaradılır. Çalışılır ki, investisiya və biznes mühiti asanlaşdırılsın. Bakı-Tbilisi-Qars nəinki Azərbaycan, Gürcüstan və Türkiyə üçün, həmçinin, Asiya və Avropa ölkələri üçün də imkanlar açacaq. Monqolustanın xarici işlər naziri Soqbatar Damdin isə dedi ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu təcrübə mübadiləsi və əməkdaşlıq üçün mühüm platformaya çevriləcək. Bu təşəbbüs həm tarixi, həm də siyasi mənada çox əhəmiyyətlidir. Bu təşəbbüsün sülh və sabitliyə böyük töhfə verəcəyi vurğulandı.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev təmsil etdiyi qurumun əsasən İpək Yolunun kəsişməsini əhatə etdiyini vurğulayaraq qrupla Parlament Məclisinin birlikdə İstanbulda beynəlxalq tədbirin keçirməsini təklif etdi.

Azərbaycanla Rumıniya arasında siyasi və iqtisadi əlaqələr ötən 26 ildə ən yüksək səviyyədə inkişaf edib və ikitərəfli münasibətlər ildən ilə daha da möhkəmlənir, deyən TRASEKA Hökumətlərarası Komissiyasının baş katibi Mirça Çepraqa bu əməkdaşlığın İpək Yolu və TRASEKA vasitəsilə daha da genişlənəcəyini bildirdi. Qrupun fəaliyyətinin davamlı olacağına inandığını deyən Çinin Azərbaycandakı səfiri Vey Cinhua isə gələcəkdə belə bir tədbirin onun ölkəsində keçirilməsini təklif etdi. Azərbaycanın 2017-ci ildə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrlə ticarət dövriyyəsinin 5,3 milyard dollar təşkil etdiyini deyən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bunun 2016-cı illə müqayisədə 15 faiz artdığını diqqətə çatdırdı. Əlavə etdi ki, ötən il ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb ki, bu da 2016-cı ildəkindən 16 faiz çoxdur. Konfransda “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”, “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzularında panel iclaslar keçirildi.