Siyasət

Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında 44 seçki məntəqəsi yaradılıb

13-03-2018 | 16:23        

  

Aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi ilə birgə təlim görüşü təşkil edib. Görüşdə xarici ölkələrdəki səfirlik və konsulluqlarda seçkiyə hazırlıq prosesi müzakirə olunub.

Prezident seçkiləri ilə bağlı Azərbaycanın 32 xarici ölkədəki səfirlik və konsulluqlarında 44 seçki məntəqəsi yaradılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının Xarici İşlər Nazirliyi ilə birgə keçirdiyi təlim görüşündə açıqlandı. Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov bildirdi ki, prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsi və konsulluq haqqında əsəsnaməyə uyğun olaraq Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında hazırlıq işlərinə başlanılıb. Müvafiq işçi qrupu yaradılıb. Hər hansı xarici ölkədə 50-dən artıq Azərbaycan vətəndaşı qeydiyyatdadırsa, həmin ölkədəki səfirlik və ya konsulluqda seçki məntəqsi yaradılır. Faiq Bağırov qeyd etdi ki, xarici ölkələrdə yaşayan hər bir Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edə biləcək. Mərkəzi Seçki Komissiyasının üzvü Rövzət Qasımov isə vurğuladı ki, Azərbaycan hökuməti tək ölkə daxilində yaşayan vətəndaşların deyil, xarici ölkələrdəki vətəndaşların da seçkidə iştirakını təmin edir. Səfirlik və konsulluqlarda yaradılan məntəqələrdəki səsvermənin nəticələri 16 saylı Yasamal ikinci seçki dairəsi və 17 saylı Yasamal üçüncü seçki dairəsi tərəfindən qəbul olunacaq. Qeyd edək ki, bu proses Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə icra olunur.