Siyasət

Prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərin 2-ci mərhələsi davam edir

13-03-2018 | 16:09        

  

Prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərin 2-ci mərhələsi davam edir. Ötən gündən başlayan təlimlər 32 mindən çox komissiya üzvü üçün nəzərdə tutulub. Gün ərzində hər seçki dairəsində 2 treninq keçirilir. Məntəqə seçki komissiyası üzvlərinə təqdim edilməsi üçün "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol və bir sıra digər sənəd nümunələri hazırlanıb.

Aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq proqramı çərçivəsində Gəncədə aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunan məşğələləri MSK-nın təlim kurslarında iştirak edən trenerlər aparırlar.

Seçki məntəqələrində digər hazırlıq işləri də görülür. Seçici siyahıları tərtib olunub, texniki məsələlər həll edilib.

Aprelin 11-də keçiriləcək prezident seçkilərinə Sumqayıtdakı seçki dairələrində də hazırlıq işləri davam edir. 41 saylı Sumqayıt I seçki dairəsi üzrə 43 min 258 seçici qeydiyyatdadır. Artıq seçki komissiyaları tam tərkibdə formalaşıb və uğurla fəaliyyət göstərir.

Sumqayıtda da aşağı seçki komissiyalarının üzvləri treninqlərdə iştirak edirlər. Treninqlərdə seçki günü prosedurları və müstəsna hallar, səslərin sayılması, yekun protokolun doldurulması və sair barədə ətraflı məlumat verilib.

45 saylı Abşeron Seçki Dairəsində də  aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlər keçirilir. Treninqdə seçici siyahıları ilə işin aparılması, bildirişlərin seçicilərə çatdırılması kimi vacib məsələlər müzakirə olunub. Bu seçki dairəsi üzrə 47 min 761 seçici siyahıya alınıb. Onlar 36 seçki məntəqəsində səs verəcəklər. Seçki məntəqələrində də hazırlıq işləri artıq yekunlaşır.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə də aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər davam edir. 3 günlük təlimlərdə 444 nəfərin iştirakı nəzərdə tutulub. Əyani vəsaitlərdən istifadə edilməklə onlara səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumat verilir. Bu seçki darəsi üzrə 46-sı Göygöldə olmaqla 74 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqlərində 42 min 60 seçici qeydə alınıb. Səsvermənin demokratik və şəffaf şəraitdə keçirilməsi üçün məntəqələdə hər bir şərait yaradılıb. 

92 saylı Zərdab-Ucar seçki dairəsi DSK-da da prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində treninqlər davam edir. Treninqlər 48 seçki məntəqəsi üzrə ümumilikdə 288 aşağı seçki komissiyası üzvünü əhatə edir. Məşğələləri Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi təlim kurslarında iştirak edən trenerlər aparıblar. Məntəqə seçki komissiyaları üzvlərinə seçki günü prosedurları barədə ətraflı məlumat verilib.

89 saylı Göyçay–Ağdaş seçki dairəsində də treninqlər davam etdirilb. Hər treninq məntəqə seçki komissiyalarının 36 nəfər üzvünün iştirakı ilə aparılır. Treninqlər seçki dairəsinin 36 məntəqəsi üzrə ümumilikdə 216 aşağı seçki komissiyası üzvünü əhatə edir.

Treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.