Siyasət

Aprelin 11-nə təyin olunan Prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı davam edir

13-03-2018 | 14:20        

  

Aprelin 11-nə təyin olunan Prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərin 2-ci mərhələsi Nərimanov rayonunda da davam edir. 19 saylı Nərimanov birinci seçki dairəsində keçirilən treninqdə 35 seçki məntəqəsinin üzvləri iştirak edir. Təlimlərdə bildirildi ki, bu seçki dairəsində 45 min 480 seçici qeydə alınıb. Onlardan 50 nəfəri ilk dəfə səs verəcək. Bu dairə üzrə yaşı 100-dən yuxarı olan 2 seçici var. 80-100 yaş arasında olan seçicilərin sayı isə 1401 nəfərdir. 19 saylı Nərimanov I seçki dairəsində 10 məntəqədə veb kameralar quraşdırılıb.

20 saylı Nərimanov 2-ci seçki dairəsində təşkil edilən treninqlərin 2-ci mərhələsin33 məntəqə sədri və  dairə seçki komissiyasının üzvləri iştirak edir. Onlara, seçici siyahılarının dəqiqləşdirilməsi və seçki prossesinə aid digər məlumatlar verilir. 20 saylı Nərimanov II dairə seçki komissiyasının sədri Qoşqar Məmmədov qeyd etdi ki,  Dairə üzrə 38 mindən çox seçici qeydiyyata alınıb və səsverməyə 5 gün qalmış daha 2 müvəqqəti səsvermə məntəqəsi yaradılacaq.

Bu seçki dairəsi üzrə də yaşı  100-dən yuxarı olan iki seçici var. 80-100 yaş arası seçicilərin sayı isə 1271 nəfərdir. Treninqdə seçicilərin rolu və vəzifələri, seçki məntəqəsinin açılışı, seçki qutularının hazırlanması və digər mövzular müzakirə olundu.

8 saylı Binəqədi 1-ci dairə seçki komissiyası üzrə  39 məntəqə fəaliyyət göstərir. Bir seçki məntəqəsinin isə seçki məcəlləsinə  uyğun olaraq səsvermə gününə azı 5 gün qalmış seçki dairəsinin  ərazisində  yerləşən  ciddi rejimli cəzaçəkmə müəssisəsində yaradılması nəzərdə tutulur. Dairə üzrə 47 840 seçici qeydə alınıb. Onlardan  776 nəfəri ilk dəfə səs verəcək. Bu günə qədər dairə seçki komissiyasi tərəfindən  394 nəfər  müşahidəçi, 40 nəfər məşvərətçi qeydə alınıb.10 seçki məntəqəsində  veb-kamera quraşdırılıb. Tədbirdə dairə seçki komissiyasının sədri Natiq Əliyev keçirilən treninqlərin əhəmiyyətini vurğuladı.

Prezident seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə Suraxanı rayonunda da məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirilmə proqramı çərçivəsində treninqlərin 2-ci mərhələsi uğurla keçirilir. Suraxanı rayon 31 saylı Dairə Seçki Komissiyasında təşkil edilən treninqdə bu tədbirin əhəmiyyətinə toxunuldu. Qeyd edildi ki, seçkilərin təşkili, səsvermə günü seçki məntəqələrinin üzvlərinin üzərinə düşən vəzifə və səlahiyyətləri bir daha xatırlatmaq baxımından bu cür treninqlərin mühüm əhəmiyyəti var. Təlimlərdə seçki məntəqəsinin üzvləri üçün seçki və səsvermə prosedurları ilə bağlı mühazirələr aparıldı.

Suraxanı rayonundakı bütün seçki məntəqələrində seçicilərin rahat səsverməsi, həmçinin məntəqə üzvlərinin və müşahidəçilərin normal fəaliyyət göstərməsi üçün hərtərəfli imkanlar yaradılıb.

Suraxanı rayon 30 saylı 1-ci seçki dairəsində 27 məntəqə, 36854 seçici, 31 saylı 2-ci seçki dairəsində 32 məntəqə 39220 seçici, 32 saylı 3-cü seçki dairəsində isə 30 daimi, 1 qapalı məntəqə, 39075 seçici var.

Aprelin 11-nə təyin olunan Prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərin 2-ci mərhələsi Qaradağ rayonunda da keçirilir. 12 saylı Qaradağ- Binəqədi-Yasamal Seçki dairəsi üzrə seçki və səsvermə prosedurları ilə bağlı mühazirələr aparılır. Dairə Seçki Komissiyasının sədri Qəşəm Əhmədzadə bildirdi ki, təlimlərdə iştirak üçün bütün məntəqələr üzrə qrafik tərtib olunub.  Dairə üzrə  42 min 300 seçici qeydiyyata alınıb və səsvermə gününə 5 gün qalmış daha 5 müvəqqəti səsvermə məntəqəsi yaradılacaq. Həmin məntəqələr xəstəxana və rayon ərazisindəki  həbsxanalarda fəaliyyət göstərəcək. Dairədəki 32 məntəqədən 12-də veb kameralar quraşdırılıb.

Treninqdə seçicilərin rolu və vəzifələri, seçki məntəqəsinin açılışı, seçki qutularının hazırlanması və digər mövzular müzakirə olundu.