Cəmiyyət

Paytaxtın 12 ünvanında bayram yarmarkaları açılıb

07-03-2018 | 15:42        

  

8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar paytaxtda yarmarkalar təşkil edilib. Məqsəd əhalinin artan tələbatını lazımınca ödəmək və süni qiymət artımının qarşısını almaqdır.

Paytaxtın 12 ünvanında 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar yarmarkalar açılıb. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirirlər ki, satış yarmarkaları əhalinin ən çox gediş-gəliş yerlərində, metro çıxışlarında təşkil edilib. Bu addım əhalinin rahatlığına hesablanıb. Yarmarkalarda Novruz bayramında istifadə edilən meyvə-tərəvəz, müxtəlif adda çərəzlər və bayram aksesuarları geniş çeşiddə təqdim edilir. Eyni zamanda, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə güllərin, suvenirlərin, müxtəlif hədiyyələrin satışı da təşkil olunub.

Bakı şəhər İcra Hakimiyyətindən onu da bildirdilər ki, zəruriyyət yaranacağı təqdirdə yarmarkaların sayı artırılacaq. Yarmarkalar Bakı metropoliteninin  Azadlıq, Memar Əcəmi, İnşaatçılar, Nizami, 28 May, Gənclik, Nəriman Nərimanov, Elmlər Akademiyası, Qara Qarayev, Neftçilər, Əhmədli və Koroğlu stansiyalarının çıxışlarında fəaliyyət göstərir. Məqsəd bayramqabağı əhalinin artan tələbatını lazımınca ödəmək, seçim imkanlarını  çoxaltmaq və süni qiymət artımının qarşısını almaqdır.