Siyasət

MSK-nın nəzdində Müstəqil Media Mərkəzinin açılışı olub

07-03-2018 | 14:34        

  

Mərkəzi Seçki Komissiyası nəzdində yaradılan Müstəqil Media Mərkəzinin açılışı olub. Qurumun məqsədi seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir.

Mərkəzi Seçki Komissiyasının “Seçki - 2018” Müstəqil Media Mərkəzi seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərəcək. Burada media təmsilçiləri üçün kompüterlər, telefon və faks aparatları quraşdırılıb, həmçinin onlar pulsuz və fasiləsiz internetdən də istifadə edə biləcəklər. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə namizədliyi qeydə alınanlar öz seçkiqabağı təşviqat materiallarını Mərkəzdə yerləşdirəcəklər. Mərkəzin www.secki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, həmçinin seçkilərə dair foto və video görüntülər təqdim edilir.  MSK sədrinin verdiyi məlumata əsasən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası martın səkkizindən fəaliyyətə başlayacaq. Digər beynəlxalq qurumlara da seçkiləri müşahidə ilə bağlı dəvətlər göndərilib.