Rəsmi xronika

Prezident İlham Əliyev Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

07-03-2018 | 14:30        

  

Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Prezident İlham Əliyev Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmək üçün gəldi.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlərlə bağlı  Dövlət başçına ətraflı məlumat verdi. Qeyd edək ki,  Bakı Şəhər Statistika İdarəsinin inzibati binası Azərbaycan Prezidentinin 2012-ci ildə imzaladığı sərəncamı ilə təsdiq edilən “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən inşa edilib.

Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının inşasına 2015-ci ildə başlanılıb, 2018-ci ilin mart ayında isə başa çatdırılıb.

Bakı Şəhər Statistika İdarəsinin rayon şöbələrinin  mövcud vəziyyəti ilə bağlı da məlumat verildi. Yeni inzibati binanın tikilib istifadəyə verilməsi Bakı Şəhər Statistika İdarəsinin icarə əsasında müxtəlif yerlərdə müasir tələblərə cavab verməyən binalarda yerləşən rayon şöbələrinin vahid təşkilati-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşlarının iş şəraitinin köklü surətdə yaxşılaşdırılmasına xidmət edəcək.Eyni zamanda statistika sistemində son illər aparılan islahatların sürətləndirilməsinə də imkan yaradacaq.

Prezident İlham Əliyev son illər  bu sahədə görülən işlərlə də tanış oldu. Onu da bildirək ki,  Komitənin 2002-ci ildə yaradılan internet səhifəsi  istifadəçilərin tələbatının maksimum təmin olunması üçün 2017-ci ildə yenilənib və əhəmiyyətli şəkildə təkmilləşdirilib. Hazırda orta hesabla hər gün 3  minə yaxın istifadəçi Komitənin internet səhifəsindən istifadə edir və onların 93  faizi ölkə ərazisindən, 7  faizi isə xarici ölkələrdən daxil olur. İstifadəçilərin statistik məlumatlarla təmin olunması, onların məlumatlara əlçatanlığının daha yüksək səviyyədə təşkili məqsədi ilə mütəmadi yayımlanan mətbu məlumatlarla, statistik cədvəllərlə, bülleten və məcmuələrlə yanaşı, internet səhifəsində interaktiv cədvəllərin tərtibinə imkan verən məlumat bazası da yaradılıb. Bununla  yanaşı  Komitənin internet səhifəsi ilə iqtisadi rayonlar, rayon və şəhərlər üzrə məlumatların elektron xəritə vasitəsilə yayılması da həyata keçirilir. 2015-2016-cı illər üzrə iqtisadiyyatın əsas sahələrini əhatə edən 44 statistik göstəricinin əks olunduğu xəritə istifadəçilərə Azərbaycan və ingilis dillərində təqdim olunub. Komitə tərəfindən 5 adda elektron xidmət göstərilir. Onlardan ən çox istifadə ediləni “Rəsmi statistik hesabatların elektron təqdim olunması” xidmətidir. Bu gün rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu səviyyəsi ölkə üzrə 95  faizi ötüb, Bakı şəhəri üzrə isə 100 faizə çatdırılıb. Bununla da vətəndaş-məmur təmasları minimuma endirilib, eyni zamanda statistik məlumatların işlənməsi, yoxlanması və təhlili imkanları yüksəlib. Dövlət başçısına məlumatların keyfiyyətinə nəzarətin təmin olunması - keyfiyyətə nəzarət cədvəllərinin və qiymət statistikası üzrə məlumatların hazırlanması prosesi barədə də məlumat verildi. Qeyd edək ki, keyfiyyətə nəzarət cədvəllərinin tətbiqində əsas məqsəd statistik vahidlər tərəfindən təqdim edilən ilkin məlumatlarda baş verən xətaları vaxtında aşkar etmək və onları aradan qaldırmaqdan ibarətdir. Proqram təminatı Dövlət Statistika Komitəsi tərəfindən hazırlanıb. Göstəricilərin müqayisə olunduğu keyfiyyətə nəzarət cədvəlləri statistikanın müxtəlif sahələrinə aid olan vacib 26 rəsmi statistika hesabatı formasını əhatə edir.  Statistik məlumatların keyfiyyətinin onlayn yoxlanılması Komitənin rəsmi internet səhifəsi vasitəsilə “E-hesabatlar” və ya “E-xidmətlər” bölməsinə daxil olmaqla həyata keçirilir. Sistemin tətbiqində keyfiyyətə nəzarət cədvəlləri xüsusi əhəmiyyət daşıyır ki, bunun məntiqi nəticəsi olaraq 2017-ci ilin mart ayında bu sahədə dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin auditorlar qrupu tərəfindən aparılan auditdən sonra Dövlət Statistika Komitəsinin aparatı və keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanı rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində İSO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Azərbaycanın Milli Statistika Sisteminin  BMT Avropa İqtisadi Komissiyası, Avrostat, Avropa Azad Ticarət Assosoisiyasının  ekspertləri tərəfindən aparılan beynəlxalq auditin nəticələrinə dair hesabatda da keyfiyyətə nəzarət cədvəlləri beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Qiymət statistikası üzrə istehsal prosesi də beynəlxalq standartlara uyğun qəbul edilən  metodoloji vəsaitlərə uyğun olaraq həyata keçirilir. İlkin mərhələdə qiymətlərin müşahidəsinin təşkili üçün təmsilçi məhsul növləri müəyyənləşdirilərək istehlak səbəti formalaşdırılır. Hazırda 520 adda məhsul və xidmət növünü əhatə edən istehlak səbəti üzrə həyata keçirilir. İstehsal prosesinin növbəti mərhələsində müşahidəyə cəlb olunacaq ticarət məntəqələri müəyyən olunur. Müşahidəyə ümumilikdə respublikanın bütün şəhər və rayonları üzrə 4 mindən çox ticarət məntəqəsi cəlb olunub. Sonra qiymətlərin qeydiyyatı mərhələsinə başlanılır. İlkin məlumatlar ölkənin bütün bölgələrini əhatə edir və hər rayon üzrə istehlak qiymətləri indeksi hesablanır. Yekun göstəricilər aylıq ekspress məlumatlar, interaktiv cədvəllər, bülletenlər, illik məcmuələr vasitəsilə yayımlanır. Bütün məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir. Prezident        İlham Əliyev Azərbaycanın Dayanıqlı inkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma poratlı ilə də tanış oldu. Portal BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd, 169 hədəf və 244 göstərici barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatın geniş auditoriyaya çatdırılması məqsədilə yaradılıb. Dayanıqlı inkişaf Məqsədləri üzrə vahid milli onlayn məlumat mənbəyi olacaq portal iki dildə- Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış oldu. 166 nəfərin çalışacağı  bina 6 mərtəbədən ibarətdir. Burada işçilərin rahatlığı  üçün hər bir şərait yaradılıb. Qeyd edək ki,  Statistik məlumatların dəqiqliyinin və beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə həyata keçirilən və Prezident İlham Əliyev tərəfindən uğurla və yeni müstəvidə davam etdirilən islahatlar rəsmi statistikanın da inkişafına güclü təkan verib. Bu gün dünyada baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda adekvat  qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün statistik informasiya təminatının təşkili statistika sisteminin üzərinə yeni və daha mürəkkəb vəzifələr qoyur. Ölkədə müəyyən edilən sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun, beynəlxalq müqayisəliliyi təmin olunan statistik məlumatlara olan tələbat statistika sisteminin beynəlxalq standartlar əsasında daha da təkmilləşdirilməsini zəruri edir.  Bakı Şəhər Statistika İdarəsinin yeni binasının inşası da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Yeni binasın istifadəyə verilməsi ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və əmək resurslarından daha səmərəli istifadə edilməsi yolu ilə Bakı şəhəri üzrə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron təqdimatı 100 faizə çatdırılacaq.  Bu  eyni zamanda BMT Baş Assambleyasının  2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə qəbul edilən “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” üzrə statistika potensialının gücləndirilməsinə dair 17-ci məqsədin və Azərbaycan Prezidentinin 2016-cı ildə imzaladığı fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin statistika infrastrukturunun təkmilləşdirilməsinə dair nəzərdə tutulan işlərin icrasına mühüm töhfədir.

Sonda xatirə şəkili çəkdirildi.