İqtisadiyyat

Almaniya “Cənub Qaz Dəhlizi”nə maliyyə dəstəyi göstərmək niyyətindədir

07-03-2018 | 11:40        

  

Almaniya Azərbaycanın “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə maliyyə dəstəyi göstərmək niyyətindədir. Buna səbəb layihənin Avropanın enerji təminatında əhəmiyyətli olduğu vurğulanır.

Almaniyanın nüfuzlu həftəlik siyasi xəbər portalı “FOCUS Online” xəbər verir ki, Alman bankı “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə federal zəmanətlə 1,5 milyard dollar və ya 1,2 milyard avro məbləğində kredit ayırmağı nəzərdə tutur. Bu barədə Federal maliyyə katibi Yens Şpanın Bundestaqın büdcə komitəsinin sədri Peter Boehringerə ünvanladığı məktubda bildirilir. Xəbərdə o da vurğulanır ki, Xəzər dənizinin Azərbaycana məxsus zəngin yataqlarından Avropaya təbii qazın nəqli bir sıra boru kəmərləri vasitəsilə nəzərdə tutulur. Avropa İttifaqı dəyəri milyard dollarla qiymətləndirilən layihəni alternativ olaraq dəstəkləyir. Qeyd edək ki, hələ 2013-cü il sentyabrın 19-da  Bakıda “Şahdəniz” qazının Avropaya satışına dair müxtəlif şirkətlərlə yanaşı Almaniyanın “E.ON Global Commodities” şirkəti ilə də uzunmüddətli sazişlər imzalanıb. Sazişlər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil ediləcək qazın İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasına dair 25 illik əməkdaşlığın təməlini qoyub. Azərbaycan tərəfi digər şirkətlərlə birgə “E.ON Global Commodities” şirkəti ilə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25 illik saziş imzalayıb. Təxminən 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, sonra isə Avropaya çatdıracaq. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır.  Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Boru kəmərləri sisteminin nəqletmə gücünün sonrakı dövrdə ildə 31 milyard kubmetrə qədər artırılması planlaşdırılır.