İqtisadiyyat

İndiyədək 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb

06-03-2018 | 13:58        

  

Ötən il ərzində 1953 sahibkara 146 milyon manat güzəştli kredit ayrılıb. 4 mindən artıq qadın sahibkar isə indiyədək 93,5 milyon manat güzəştli kreditdən yararlanıb.

Hər hansı ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin edilməsində sahibkarlıq fəaliyyətinin, o cümlədən qadın sahibkarlığının böyük əhəmiyyəti var. Azərbaycanda da iqtisadiyyat və maliyyə sahəsində fəaliyyət göstərən qadınların sayı artmaqdadır. İndiyədək ölkəmizdə 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb. Ümumiyyətlə isə kiçik və orta sahibkarlığın inkişafı ölkəmizdə prioritet sahədir. Hazırda bu sahənin inkişafı üçün müxtəlif güzəştli biznes kreditlər təklif edilir. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyir ki, təkcə ötən il ərzində 1953 sahibkara 146 milyon manat güzəştli kredit ayrılıb.

Bu gün aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların bu sahədə iştirakçılığının artırılmasıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “She Congress”də çıxışı zamanı bildirdi ki, Ailə Biznesinə Dəstək Mərkəzlərinin yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarların artmasına səbəb olub. Müxtəlif ölkələrdən gələn 600-dən çox işgüzar qadının iştirak etdiyi konqressdə dövlət qadın siyasəti, qadın sahibkarlğının inkişafı, yeni nailiyyətlər və perspektivlər müzakirə edildi. Biznesdə gender bərabərliyi ideyasına dəstəyin vacibliyi vurğulandı.