Cəmiyyət

“Azərbaycan” qəzetinin 100 illiyi qeyd olunub

21-02-2018 | 16:27        

  

“Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində 1918-ci ildən nəşr olunan “Azərbaycan” qəzetinin də böyük rolu var. Qəzetin 20-ci ilə qədərki saylarında Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı geniş əks olunub”. Bu fikirlər AMEA-nın Tarix İnstitutunda “Cümhuriyyət İli” çərçivəsində “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfransda səslənib.

İlk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncədə Azərbaycan dilində nəşr olunan “Azərbaycan” qəzeti “Türk və islamçılığa aid məqalələrə “Azərbaycan”ın səhifələri açıqdır” yazısı ilə fəaliyyətə başlayıb. 1918-20-ci illər ərzində qəzetdə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı ilə yanaşı, erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda törətdiyi soyqırımı, vəhşiliklər haqqında məlumatlar dərc edilib.  Bu mətbu orqan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini də geniş işıqlandırıb. Ölkəmizdə elan olunan “Cümhuriyyət İli” çərçivəsində “Azərbaycan” qəzetinin 100 illiyi ilə bağlı keçirilən elmi konfransda AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu barədə məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində qəzetdə dərc olunan materialların ilk mənbə kimi böyük əhəmiyyətə malikdir.

Konfransda “Azərbaycan” qəzeti müstəqilliyimizin atributu kimi” adlı məruzə ilə çıxış edən millət vəkili “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov  bildirdi ki, müstəqil dövlətimizin quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən mətbu orqanı Xalq Cümhuriyyəti zamanında dərc olunan “Azərbaycan” qəzetinin varisidir. Konfransda “Azərbaycan” qəzetinin 1993-2017-ci illərdə dərc edilən sayları çap və elektron variantda Tarix İnstitutuna təqdim olundu. Eyni zamanda Tarix İnstitutu tərəfindən “Azərbaycan” qəzetinin 100 illiyi münasibəti ilə təşkil olunan kitab sərgisindəki nəşrlər qəzetin redaksiyasına hədiyyə edildi. Konfransda tarixçi alimlər müxtəlif mövzularda çıxış etdilər.