Cəmiyyət

Bir qrup tələbə Böyük Britaniyada təcrübə keçir

19-02-2018 | 14:56        

  

Ölkəmizdə idmanın inkişafı bu sahədə ixtisaslı kadrlara ehtiyacı artırır. Bu, nəzərə alınaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman jurnalistikası” və “İdman menecmenti” ixtisası üzrə təhsil alan bir qrup tələbə Böyük Britaniyada təcrübə keçir. Daha ətraflı, Böyük Britaniya və Şimali İrlandiya Birlşmiş Krallığındakı xüsusi müxbirimiz Rəna Nəsirli xəbər verir.

2017-ci ilin sentyabrından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman jurnalistikası”, “İdman menecmenti” üzrə ingilis dilində modul tipli magistr ixtisasları yaradılıb. Magistr proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birlikdə tərtib olunub. Hər iki ixtisasın təhsil proqramına daxil edilməsində məqsəd tələb olunan ixtisaslar üzrə beynəlxalq səviyyəli idman mütəxəssislərinin hazırlanmasıdır. Artıq həmin ixtisaslar üzrə təhsil alan magistrlərin bir qrupu Böyük Britaniyada təcrübə keçir.

“İdman jurnalistikası” magistr proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Den Meyson rəhbərlik edir. Tələbələr bu proqramda media və PR, audio və video jurnalistika, idman jurnalistikasının özəllikləri ilə yaxından tanış olmaq imkanı qazanır.

Tədris müddətində tələbələrə idmanda rəhbərlik, insan resurslarının idarə olunması, strateji inkişaf, idman iqtisadiyyatı, idman marketinqi, sahibkarlıq və təşkilati davranış fənləri öyrədiləcək. Tələbələr Londonla yanaşı, digər şəhərlərdə də ixtisaslarına uyğun tədris kurslarında iştirak edəcəklər.