İqtisadiyyat

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması milli iqtisadiyyatın diversifikasiya siyasətində mühüm yer tutur

19-02-2018 | 13:12        

  

Ölkədə nəqliyyat infrastrukturunun - istər hava, istərsə də dəniz, dəmir və avtomobil yolları olsun - müasir dünya standartlarına uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər də eyni məqsədə xidmət edir. Bu xüsusda son  illər ərzində 6-sı beynəlxalq olmaqla 7 aeroportun tikilməsi də mühüm önəm kəsb edir. Məhz, sözügedən amil ölkədə hava nəqliyyatı ilə sərnişin və yükdaşımaların həcminə müsbət təsir göstərib.

Ölkədə sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri də yerləşdiyi əlverişli coğrafi üstünlükləridən istifadə etməklə tranzit potensialını artırmaqdır. Son illərdə müasir nəqliyyat - dəniz, hava, avtomobil və dəmir yolları infrastrukturunun  yaradılması istiqamətində gerçəkləşən qlobal təşəbbüslərin əsas məqsədi də məhz, bundan ibarətdir. Bu sırada hava nəqliyyatı xüsusi yer tutur. Çünki hava limanları:

- ölkənin giriş və çıxış qapısı, başqa sözlə, vizit kartı;

- inkişaf göstəricisi və potensial imkanları;

- investisiya və nəqliyyat–loqistika əlaqələrinin gücləndirilməsi; Və ən nəhayət:

- turizm imkanlarının genişlənməsi -deməkdir.

Məhz, bu səbəblərdən də ölkənin hava nəqliyyat infrstrukturunun müasirləşdirilməsinə xüsusi önəm verilir və dövlətin birbaşa dəstəyi ilə bu sahədə ciddi kəmiyyət və keyfiyyət dəyişikliyi baş verir.

Təbii ki, müasir və yüksək imkanlara malik olan hava limanları dünyanın müxtəlif ölkələrinə sərnişin və yükdaşıma üçün əlverişli imkanlar yaradır. Burada diqqət çəkən məqamlardan biri sərnişin və yükdaşımaların uğurla şaxələndirilməsindən ibarətdir. Başqa sözlə, regionlarda tikilən hava limanları  beynəlxalq statusa malik olduğundan dünyanın istənilən nöqtəsindən həm paytaxt Bakıya, həm də bölgələrimizə bibaşa uçuşlar mümkündür. Şübhəsiz ki, bu amil ölkənin tranzit imkanlarına müsbət dinamika verir, iqtisadiyyata əlavə dividentlər gətirir. Təkcə, 2017-ci ilin statistik göstəricilərinə nəzər yetirsək mövcud mənzərəni bütünlüklə təsəvvür etmək olar.

2017-ci ilin yanvar-dekabr ayında hava nəqliyyatı ilə 2358,8 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 19,1 faiz çox sərnişin daşınıb. Daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 170,7 min tona çatıb.

Sözügedən statistika həm də aviasiya parkının müasirləşdirilməsi ilə sıx bağlıdır. Bu gün hava parkı “Boeing”, ”Airbus”, ”Embrarer” təyyarələrindən ibarətdir, yeni təyyarələrin alınması davam edir. Bütün bunlar indi Bakıdan Türkiyə, Rusiya, Ərəb ölkələri, Afrika ölkələri, Avropa, hətta okeanın o tayına  və dünyanın digər nöqtələrinə daha keyfiyyətli uçuşlara imkanı yaradır. Bununla paralel Azərbaycan aviasiyasının hədəflərindən biri də bir uçuşda dünyanın bir neçə məntəqəsini əhatə etməkdir. Şübhəsiz ki, bu da dövlət başçısının tranzit potensialı ilə bağlı qarşıya qoyduğu vəzifənin reallığını təmin etməyə əsas verir. Elə ona görə də Azərbaycanın dünya miqyasında nəqliyyat-loqistika mərkəzi kimi rolu artır, mövqeləri getdikcə güclənir. Nəqliyyat və logistikanın inkişafını hədəfləyən Strateji yol xəritəsinin əsas məqsədlərindən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunun hava daşımalarında qovşağa çevrilməsidir. Xüsusilə, online ticarətin sürətlə inkişaf etdiyi bir dövrdə bu daha çox aktuallıq kəsb edir. Odur  ki, ilkin olaraq artıq hava limanının ərazisində çeşidləmə məntəqələri yaradılıb və bu poçt daşımalarından gəlir əldə etmək üçün önəmli faktordur. Bu baxımdan ”SILK WAY”, şirkətinin fəaliyyətini xüsusi vurğulamaq olar. O cümlədən “PASHA TRAVEL” ölkəmizə turist axınının artmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, Azərbaycanın artıq ilk aşağı büdcəli "Buta" loukaster aviaşirkətinin fəaliyyətə başlaması sərnişindaşımaya əlavə dinamika verib. Asan viza sisteminin tətbiqi isə təkçə Azərbaycana turizm axınını stimullaşdırmır, eyni zamanda tranzit məntəqəsi olaraq Bakının rəqabət imkanlarını artırır. Başqa sözlə, Rusiya, Gürcüstan və İranla sərhəd ərazilərdən müxtəlif istiqamətə uçuş həyata keçirmək istəyənlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportu  ən əlverişli məkan hesab olunur. Digər tərəfdən liman regionun analoju aeroportları ilə müqayisədə bir çox üstünlükləri ilə seçilir və bu da rəqabətədavamlılıq kimi mühüm amili şərtləndirir. Məsələn,  işgüzar dairələrdə kifayət qədər məhşur olan “Business Insider” saytı dünyanın ən gözəl 14 hava limanının siyahısında Heydər Əliyev Beynəlxalq Aeroportu 6-cı yerdə qərarlaşması, The Jakarta Post” qəzetinin keçirdiyi sorğuda limanımız dünyanın 13 ən gözəl aeroportu sırasında 1-ci yeri tutması da bunu təsdiq edir. Uçuş coğrafiyasının genişləndirməsi, göstərilən xidmətlərin sayının və keyfiyyətinin artırılması Azərbaycana gələn turistlər üçün də geniş imkanlar yaradır.

Ən çox istifadə olunan beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq şəhərləri daxildir. Ümumi sahəsi 65 min kvadratmetr təşkil edən Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən 4 ulduza layiq görülüb. Aeroport Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatını da qazanıb. Beləliklə, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşan meqa-layihələr - istər hava, istər dəmiryolu, istərsə də  digər sahələr olsun- böyük bir geosiyasi məkanda tərəqqi və inkişafa xidmət edir, əməkdaşlıq üçün gözəl imkanlar açır.