Xarici xəbərlər

Həkim N.Dallakyan: “Ermənistanda uşaqlar aclıqdan ölür”

19-02-2018 | 11:05        

  

Bütün sahələrdə iflasa uğrayan  Ermənistanda  uşaqlar arasında xroniki və anadangəlmə xəstəliklərin sayı artıb. Yoxsulluq səviyyəsinin pik həddə olduğu işğalçı ölkədə azyaşlılar arasında aclıq nəticəsində ölüm halları da çoxalıb. 

“Ermənistanda uşaqlar aclıqdan ölürlər”. İrəvandakı Tibb mərkəzlərindən birinin direktoru Nikolay Dallakyan belə bir həyəcan təbili çalıb. Onun sözlərinə görə, rəhbəri olduğu müəssisəyə uşaqlar elə vəziyyətdə gətirilir ki, onları xilas etmək mümkün olmur. Dallakyan deyir ki,  bunun səbəbi ailələrin ağır sosial şərtlər altında yaşaması ilə bağlıdır. Nəticədə uşaqlar düzgün qidalanmır. Çox vaxt isə valideynlər övladlarını yeməklə təmin edə bilmirlər. Bu da orqanizmi zəiflədir və ölümə yol açır. Üstəlik də azyaşlılar arasında xroniki xəstəliklər xeyli artıb. 18 yaşadək uşaqlarda anemiya halları kəskin yüksəlib. Anadangəlmə fiziki məhdudiyyətli uşaqlar isə Ermənistan əhalisinin 23 faizini təşkil edir. İlk dəfə qoyulmuş diaqnozla qeydə alınan əqli geriləməsi olan uşaqların sayı 2015-ci ildə 23 min 751 nəfər idisə, ötən il bu rəqəm 25 minə yüksəlib. Əksər hallarda ailələrin, ağır xəstəlikləri olan övladlarını müalicə etdirmələrinə maddi imkanları çatmadığından uşaqlar arasında ölüm halları baş verir. Ermənistan statistika xidməti də ölkədə yoxsulluq həddinin artdığını təsdiqləyir. Məlumata görə, ağır şərtlər altında yaşayan uşaqların sayı ötən il 2 faiz də çoxalaraq, 34,2 faizə çatıb. Ölkədə 6-17 yaşlıların 42 faizi  təhsil ala bilmir. Çünki, ailələrinin  onları oxutması üçün maddi imkanı yoxdur.