Cəmiyyət

Kestutis Yankauskas: “ASAN və ABAD Azərbaycanın yeni simasını təmsil edir”

16-02-2018 | 15:03        

  

“ASAN xidmət” və “ABAD” Azərbaycanın yeni simasını təmsil edir. Hər iki qurum bu gün Azərbaycan brendinə çevrilib.

Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas fevralın 16-da "Məlumat təhlili və kiçik biznesin inkişafı təşəbbüsünü ("ABAD") gücləndirmək üçün ASAN-a dəstək" layihəsinin bağlanış mərasimində deyib.

K.Yankauskas Aİ-nin bu layihəni dəstəklədiyindən şad olduğunu bildirərək deyib: "Biz bu gün layihəni başa çatdırırıq, amma Aİ-nin “ABAD”a dəstəyi davam edəcək. Çünki bu layihələr insanlara daha asan xidmətlər göstərilməsinə şərait yaradır. “ABAD” üzvlərinin hazırladığı suvenirlər öz orijinallığı ilə seçilir. Bu isə “Made in Azerbaijan” brendinin təbliğatı üçün önəmli amildir".

Səfir xatırladıb ki, hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr yeni mərhələyə daxil olub. Sazişlər və layihələrlə tərəflər arasında münasibətlər yeni səviyyəyə yüksəlir.

"ASAN xidmət"in sədri İnam Kərimov son illər respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirildiyini bildirib. “Bu islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə “ASAN xidmət” təsis edildi. Mərkəzlərin yaradılması ilə vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoydu. "ASAN xidmət" qısa müddət ərzində vətəndaşların etimadını və rəğbətini qazandı. Şəffaflıq, rahatlıq və innovasiyaların sinoniminə çevrildi. Yaradıldığı gündən bəri “ASAN xidmət” mərkəzlərində 20 milyona yaxın insana xidmət göstərilib və təsadüfi deyil ki, keçirilən sorğulara əsasən vətəndaşların məmnunluğu 98 faizdir”, - deyə İ.Kərimov vurğulayıb.

“ASAN xidmət”in sədri bildirib ki, “ABAD” mərkəzlərinin yaradılması Azərbaycan dövlətinin vətəndaşlarımızın həyatını asanlaşdırmağa yönəlmiş növbəti addımlarından biridir. Kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD”ın xüsusi yeri var. “ABAD” bu günədək ölkənin 20 bölgəsindən olan 203 ailə, fərdi və kiçik sahibkarlıq subyektinə dəstək göstərib. Bu dəstəklər artmaqdadır. Hazırda “ABAD”ın regional ofisləri Masallı, Balakən və Quba rayonlarında fəaliyyət göstərir. “ABAD”çıların məhsulları artıq böyük supermarketlərdə satışdadır.

“ABAD”ın direktoru Rüfət Elçiyev isə qeyd edib ki, “ABAD”ın fəaliyyət göstərdiyi bu müddətdə onun üzvlərinin sayı 200-ü keçib. O deyib: “Biz “ABAD”ın satış məntəqələrinin açılmasına böyük önəm veririk. Hazırda Bakı şəhərində 3, regionlarda 2 mərkəzimiz fəaliyyət göstərir. 2018-ci ildə isə Şəkidə, İmişlidə və Bakıda "Fairmont Baku" otelində yeni mərkəzlərimizin açılması nəzərdə tutulur. Bu il, həmçinin Şəkidə və Nardaranda keramika və tətbiqi sənət mərkəzlərimiz də açılacaq”.

Daha sonra layihə rəhbəri Stiven O Mullan və ekspert Lyüdomir Dimov “ASAN xidmət” və “ABAD”a dəstək çərçivəsində görülən işlərin nəticələri barədə təqdimatlarla çıxış ediblər.