Siyasət

İşğal altında olan tarixi abidələrimizi gənc nəslə tanıtmaq məqsədi ilə tədbir keçirilib

16-02-2018 | 12:56        

  

“Azərbaycanın 4550 adda tarix və mədəniyyət abidəsi işğal altındadır. Onlardan 609-u yerli, 285-i ölkə, 13-ü beynəlxalq əhəmiyyətli, 3647 abidə isə hələlik dövlət qeydiyyatında olmayan abidələrdir.” Bu fikir “Yarat” Müasir İncəsənət Mərkəzində Memarlar İttifaqı ilə birgə keçirilən tədbirdə səsləndirilib. Tədbir həmin abidələrin gənc nəslə tanıdılması məqsədi daşıyır.

Azərbaycan bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Arxeoloji qazıntılar göstərir ki, ölkəmizdə yaşamış insanların tarixən keçdiyi keşməkeşli yol, xalqımızın həyat tərzi bu maddi mədəniyyət nümunələrində öz əksini tapıb. Bu dilsiz maddi mədəniyyət nümunələri zahiri görkəmləri ilə mənsub olduqları xalq haqqında çox böyük mətləbləri anladır. Lakin torpaqlarımızın 20 faizini işğal edən Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlardakı Azərbaycan abidələrini amansızlıqla məhv edir. “Yarat” Müasir İncəsənət Mərkəzində təşkil olunan tədbirin də məqsədi tarixi keçmişimizin gənc nəslə çatdırılması idi. 

Memarlar İttifaqının İdarə heyətinin üzvü, tədqiqatçı-alim Faiq İsmayılov bildirdi ki, 903-ü rəsmi dövlət  qeydiyyatı olmaqla, ölkəmizin 4550 adda tarix və mədəniyyət abidəsi işğal altındadır. Sözügedən abidələrdən 609-u yerli, 285-i ölkə, 13-ü beynəlxalq əhəmiyyətli, 3647 abidə isə hələlik dövlət qeydiyyatında olmayan abidələrdir.

Tədbirdə vurğulandı ki, maddi mədəniyyət nümunələrinin, tarixi abidələrin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Ona görə də həmin abidələrin qorunması və yaddaşlarda yaşadılması hər birimizin borcudur.