Siyasət

“The Jerusalem Post”: “Azərbaycan Avropanın ən etibarlı və sabit enerji tədarükçülərdən biridir”

16-02-2018 | 10:44        

  

“Azərbaycan Avropanın ən etibarlı və sabit enerji tədarükçülərindən biri hesab olunur”. Bu fikirlər İsrailin “The Jerusalem Post” qəzetində dərc olunan məqalədə əksini tapıb. Yazıda Ermənistanın işğalçılıq siyasətindən də bəhs edilir.  

Azərbaycan dünya bazarının neft tədarükünü təmin edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi qlobal enerji layihələrini uğurla həyata keçirib, ötən il isə Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verilib. “The Jerusalem Post” qəzetində dərc olunan məqalədə belə yazılıb. Bildirilir ki, TANAP və TAP qaz kəmərlərinin tikintisi başa çatdıqdan sonra Azərbaycan Avropaya təbii qaz nəql edəcək. Hazırda Avropanın karbohidrogen resursları sürətlə tükənir və onun sabit enerji tədarükünə ehtiyacı var. Bu baxımdan, Azərbaycan ən etibarlı və sabit enerji tədarükçülərdən biri hesab olunur. Məqalədə Ermənistanın işğalçılıq siyasətinin regionda sabitliyə təhdid olduğu da qeyd olunur. Vurğulanır ki, Azərbaycan ərazisinin 20 faizi hələ də işğal altındadır, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qəbul etdiyi 4 qətnamə ilə reaksiya verib. Lakin Ermənistan bu qətnamələrin tələblərinə əməl etmir. Bu ölkə problemin həllinə dair danışıqlar prosesində destruktiv mövqe nümayiş etdirir, atəşkəs rejimini tez-tez pozur, mülki əhaliyə atəş açır. Bu isə dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük diqqət ayırmasının vacibliyini göstərir.