Xarici xəbərlər

26 il ərzində Ermənistanı 1 milyon yarımdan çox insan tərk edib

16-02-2018 | 10:35        

  

Ermənistanda işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldıra bilmir. Bu da əhalinin köçünü sürətləndirib. 26 il ərzində işğalçı ölkəni 1 milyon yarımdan çox insan  tərk edib.

Ermənistan parlametinin Avropa ilə inteqrasiya məsələləri üzrə komissiyasının sədri, “Sarukyan” partiyasından olan deputat Naira Zöhrabyan Qarabağ münaqişəsinin Ermənistanı tənəzzülə uğradan əsas səbəb olduğunu bildirib. Rusiyanın “Vestnik Kavkaza” portalına müsahibə verən Nairi Zöhrabyan qeyd edib ki, “əhalinin Ermənistanı tərk etməsi faktdır. Bunların əksəriyyəti də əməkqabiliyyətli gənc insanlardır. Çünki onlar burda iş tapa bilmirlər. 30% yoxsul - bu, yalnız rəsmi statistikadır, əslində yoxsulların sayı xeyli çoxdur”. Naira Zöhrabyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi miqrasiyaya çox böyük təsir göstərir. Statistika da komissiya sədrinin fikirlərini təsdiqləyir. Əgər 1992-ci illərdə Ermənistanın 3,6 milyon əhalisi vardısa, hazırda bu, 2 milyondan aşağıdır. Yəni rəsmi statistika ölkə əhalisinin Qarabağ münaqişəsi səbəbindən 1 milyon yarımdan çox  azaldığını təsdiqləyir.  Hakim Respublika partiyası etiraf edir ki, 1998-2017-ci illərdə Ermənistanı 750 min adam  tərk edib. Ermənistanın işəgötürənlər Şurasının sədri Qagik Makaryan isə ölkədə yoxsulluq səviyyəsinin 40 faizə çatacağını açıqlayıb. Bu da sosial yonümlü etirazları gücləndirə bilər. Markaryanın sözlərinə görə Azərbaycanla münasibətlərin gərgin olduğu bir zamanda Ermənistana vəziyyəti daha da pisləşdirə biləcək mitinq, aksiyaların başlaması ağır nəticələr verə bilər. Bütün bunlar hakim  klanının Ermənistanı hansı bəlalara düçar etdiyini təsdiqləyir. “Joxovurd” qəzeti  yazır ki, ölkədəki real vəziyyəti əks etdirən məlumatların mətbuata sızmaması üçün  Ermənistan rəhbərliyi  yeni qanun layihəsi hazırlayır.  Qanuna görə mətbuat baş nazir aparatının və hökumətin iclaslarına daxil ola bilməyəcək. Yəni Ermənistanın real rəhbərinə çevriləcək baş nazir və nazirlər sovet dövründə olduğu kimi vətəndaşlardan əsas məlumatları gizlədəcəklər.