Cəmiyyət

Babək prospektində 18 kilometr uzunluğunda magistral və paylayıcı su xətləri çəkilir

16-02-2018 | 08:55        

  

Bakı şəhərinin Babək prospektində yol infrastrukturunun yenilənməsi  layihə çərçivəsində ərazidə 18 kilometr uzunluğunda yeni magistral və paylayıcı su xətləri çəkilir. “Azərsu” ASC tərəfindən icra edilən layihə may ayında yekunlaşacaq. İşlər başa çatdıqdan sonra prospekt boyunca yerləşən yaşayış massivlərində və “Ağ şəhər” ərazisində əhalinin fasiləsiz və keyfəyyətli su təchizatı yaranmış olacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir. Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir, eləcə də yol boyu yeni xətlər çəkilir. “2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə Master Plana uyğun reallaşdırılan layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə politelen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər çəkiləcək, ətraf küçələrə çıxışlar veriləcək, bütün ev və obyektlər yeni şəbəkəyə qoşulacaq. Eyni zamanda, “41 Şərq” anbarında əsaslı yenidənqurma işləri görüləcək, su ehtiyatlarının optimal idarəedilməsi məqsədilə “41 Şərq” anbarı ilə “82 Şərq” su anbarını əlaqələndirən 700 millimetrlik yeni xəttin inşası da nəzərdə tutulur. Prospektdə görülən işlər çərçivəsində yolu bir neçə yerdə kəsib keçən mövcud xətlər ləğv edilərək onların yeni tikilən kəmərlərə qoşulması təmin edilir.

Layihələndirilən işlərin görülməsi nəticəsində Babək prospekti boyunca istismar müddətini başa vuran və tez-tez qəzaların baş verdiyi 2 çuğun və 1 polad xəttin fəaliyyəti dayandırılacaq. Prospekt boyunca qurulacaq yeni sistem Bakı buxtasının şimal və şərq hissəsində böyük bir ərazini, eyni zamanda yeni salınan “Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

Babək prospektində nəqliyyatın intensiv hərəkəti nəzərə alaraq hazırda 5 nöqtədə tikinti-quraşdırma işləri davam etidilir və indiyədək 5 kilometrdən çox boru qaynaq edilərək torpağa basdırılıb. Su xətlərinin çəkilişinin may ayında  başa çatdırılması planlaşdırılır.