Cəmiyyət

Azərbaycan Televiziyası 62 yaşını qeyd edir

14-02-2018 | 10:04        

  

Bu gün Azərbaycan Televiziyasının 62 yaşı tamam olur. 1926-cı ilin 6 noyabrında Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb, 30 il sonra 1956-cı il fevralın 14-də isə Televiziya tamaşaçıların görüşünə gəlib. Hər iki tarix xalqımızın siyasi və mədəni həyatında böyük yenilik kimi yadda qalıb. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran ümummilli lider Heydər Əliyev daim onun inkişafına, kollektivin qayğılarına böyük diqqət göstərib. Prezident İlham Əliyev də milli teleradiomuzun Azərbaycan ədəbi dilinin inkişafında, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rolunu yüksək qiymətləndirir, onun inkişafını xüsusi diqqətdə saxlayır. Son illər isə Azərbaycan Teleradiosunun həyatında ciddi islahatlarla yadda qalıb.

Teleradionun inkişafına, onun maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə hər zaman xüsusi diqqət göstərən ümummilli lider Heydər Əliyev onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirirdi. Ulu öndər bu mötəbər tribunada çalışanlara – teleradio işçilərinə böyük qayğı ilə yanaşırdı. Teleradionun kollektivi bu gün də ölkə başçısı  İlham Əliyev tərəfindən həmin qayğını hiss edir. Son illər Teleradionun həyatında baş verənlər də elə bu qayğının nəticəsidir.

Azərbaycan Televiziyasındakı əsaslı yenidənqurmanın nəticəsidir ki, hər addımda yeniliklə rastlaşırsan. Studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları buradakı böyük yeniləşmədən, müasirləşmədən xəbər verir. Prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı ilə Azərbaycan Televiziyasında mərhələli şəkildə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Son illərdə Azərbaycan Televiziyasının maddi-texniki bazası büsbütün modernləşdirilib, studiyalar tamamilə yeniləşib, mənəvi və fiziki cəhətdən köhnəlmiş avadanlıqların yenisi ilə əvəz olunub. Buradakı texnologiya dünyanın ən qabaqcıl televiziyalarının səviyyəsində qurulub. Rəqəmsal və  “lentsiz texnologiya”ya keçid, qeyri-xətti montaj və kompüter qrafikası stansiyalarının tətbiqi, müasir proqram buraxılışı aparat otağının quraşdırılması – son illərin uğurlarındandır.

Hər il onlarla sənədli və televiziya filmi istehsal edən “Azərbaycantelefilm” uğurla fəaliyyət göstərir. Səyyar Televiziya Stansiyaları da təzələnib. Azərbaycan Televiziyası son illərdə 8 və 10 kameralı rəqəmsal avadanlıqla təmin edilən müasir Səyyar Televiziya Stansiyaları ilə təhciz olunub. Bu STS-lər mühüm əhəmiyyətli tədbirlərin tamaşaçılara yüksək səviyyədə çatdırılmasına imkan verir.

2014-cü ildə Azərbaycan Televiziyasının yeni kompleksi – studiyalar binası tikilib istifadəyə verildi. 5 mərtəbəli bu bina çəkiliş studiyaları və redaksiya korpusudur. Burada 3 müasir studiya yaradılıb. 800 kvadrat metrlik ən böyük studiya tok-şoular, ictimai-siyasi verilişlər, intellektual oyunlar üçün nəzərdə tutulub. 450 kvadrat metrlik 2-ci studiya sırf xəbərlər, informasiya proqramları, 290 kvadrat metlik 3-cü studiya “İdman Azərbaycan” kanalı, 100 kvadratmetrlik pavilyon isə kiçik həcmli çəkilişlər üçündür. Kompleks zahiri görünüşü, müasir işıqlandırma sistemi ilə də diqqəti çəkir və ətraf binalarla harmoniya yaradır. Bu müasir kompleks Azərbaycan Teleradiosunun yeni imicidir.

Bəli, köklü islahatların nəticəsi göz önündədir. Dövlət başçısının qayğısı indi Azərbaycan Televiziyası müasirliyi özündə ehtiva edən yüksək əyarlı peşəkar telekanala çevirib. Azərbaycanın ilk telekommunikasiya peyki – “Azərspase-1”lə, habelə İnternetlə bütün dünyaya yayımlanan Azərbaycan Televiziyası artıq dünyanın ən qabaqcıl telekanalları ilə rəqabət apara biləcək səviyyədədir.

Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan iqtisadi islahatlar, əldə olunan dinamik inkişaf Azərbaycan Televiziyasının da gündəlik fəaliyyətində özünü göstərir. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında Azərbaycan Televiziyasının müstəsna xidmətləri var.

Azərbaycanın “Evrovision-2011” beynəlxalq musiqi yarışmasında qələbəsi, 2012-ci ildə Bakının həmin yarışmaya uğurla ev sahibliyi etməsi də tamaşaçılara peşəkarlıqla təqdim olundu.

2013-cü il fevralın 8-i  müstəqil Azərbaycanın tarixinə əlamətdar hadisə ilə yazıldı. Azərbaycanın ilk telekommunikasiya peyki – “Azərspase-1” uğurla orbitə buraxıldı. Bu, ölkəmizin daha bir misilsiz nailiyyəti idi. “Azərspase-1” hazırda informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində də çox mühüm rol oynayır.

Azərbaycan Televiziyanın İnformasiya Proqramları Studiyası gün ərzində tamaşaçılara Azərbaycan, rus və ingilis dillərində 9 xəbər buraxılışı təqdim edir. “Xəbər otağı” isə xəbərin istehsalından tutmuş tamaşaçılara çatdırılmasına qədər bütün prosesi bir məkanda cəmləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bölgələrində də aparılan abadlıq-quruculuq işlərinin daha da sürətlənməsi ayrıca“Region xəbərləri”nin də efirə çıxmasını aktuallaşdırdı. Günün aktual məsələsini“Xəbərlər”dən sonra “Günün nəbzi” proqramı ekspertlərlə birgə tamaşaçılara çatdırır. AzTV xəbər həftəsinə hər bazar günü Həftə” analitik informasiya proqramında daha geniş və ətraflı təhlillə yekun vurur...

Azərbaycan radiosunun maddi-texniki bazası da modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib. 2010-cu ildə mövcud televiziya kadrlarının ixtisasının artırılması və təkmilləşdirilməsi məqsədilə AzTV-nin nəzdində Televiziya Akademiyası yaradılıb və uğurla fəaliyyət göstərir.

2009-cu il fevral ayının 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrildi. “İdman Azərbaycan” kanalı dünyanın hər yerindən bütün növ idman yarışlarını, müxtəlif çempionatları birbaşa, yüksək peşəkarlıqla yayımlayır, idman xəbərlərini operativliklə tamaşaçılara çatdırır. 2015-ci il oktyabrın 12-dən “İdman Azərbaycan” kanalının verilişləri sutka ərzində yayımlanır.

2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilən I Avropa Oyunları 17 gün ərzində müstəqil Azərbaycanın qazandığı uğurların təntənəsinə çevrildi. Dünyanın 120 ölkəsində canlı yayımlanan açılış mərasimi diqqəti Azərbaycana yönəltdi.

Ölkəmiz Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” elan etdiyi 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına da uğurla ev sahibliyi etdi. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın mükəmməl təşkilatçılığı ilə oyunlar yüksək səviyyədə keçirildi.

2016-cı ildən Bakıda “Formula-1” yarışlarının keçirilməsinə başlandı. AzTV və “İdman Azərbaycan” kanalı “Formula-1” üzrə dünya çempionatının eksklüziv yayım hüququna malik idi. 2016-cı ilin sentyabrında isə Bakıda 42-ci Dünya Şahmat Olimpiadası keçirildi.

Bütün bu idman yarışlarının işıqlandırılmasında ən çətin yük və məsuliyyət AzTV-nin üzərinə düşdü. Azərbaycan Televiziyası və “İdman Azərbaycan” kanalı bütün bu idman yarışlarının mükəmməl şəkildə vəyük peşəkarlıqla yayımladı. Beynəlxalq İdman Yayımı Şirkəti I Avropa Oyunlarını keyfiyyətli və peşəkarlıqla yayımladığına görə AzTV-yə sertifikat təqdim etdi.

2018-ci il fevralın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində 23-cü Qış Olimpiya Oyunlarının Azərbaycanda yayım hüququ da Azərbaycan Televiziyasına məxsusdur.

2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqisi, dünyada tanıdılması, xalqımızın rifahı naminə böyük qətiyyətlə atılan addımlar, ölkəmizin qazandığı misilsiz uğurlar: Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “Yeni əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi, ölkəmizin dünya enerji sənayesində həlledici faktor olduğunu, regionda oynadığı xüsusi rolu təsdiq edən mühüm hadisələr Azərbaycan Televiziyasında mükəmməl şəkildə əksini tapdı. Həmvətənlərimiz ölkəmizin saysız-hesabsız uğurları haqqında  materialları Azərbaycan Televiziyasında qürurla izlədilər.

2011-ci il fevralın 14-də AzTV-nin nəzdində “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəldi. Bu kanalın ərsəyə gəlməsi Prezident İlham Əliyevin mədəniyyətimizə qayğısının daha bir təzahürüdür. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində ölkənin ən nüfuzlü musiqi kollektivləri – Niyazi adına Simfonik, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri, Estrada-Simfonik orkestrləri, Cahangir Cahangirov adına Xor, Əfsər Cavanşirov adına Uşaq xoru, eləcə də Vaqif Mustafazadə adına “Sevil” vokal-İnstrumental ansamblı fəaliyyət göstərir...

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən, muğam sənətini yaşatmağa xidmət edən “Muğam televiziya müsabiqələri”  isə ölkəmizlə yanaşı, ondan kənarda da böyük tamaşaçı sevgisi qazanıb. Bu, hər şeydən əvvəl, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz xidmətidir.

AzTV 2015-ci ildə daha bir uğura imza atdı. Dünya teleməkanının ən nüfuzlu mahnı müsabiqələrindən sayılan, dünyanın 50-dən çox ölkəsində yayımlanan “The Voice of” – “Səs” layihəsini ölkəmizə gətirdi. Müasir maddi-texniki bazası, peşəkar kadr potensialı Niderlandın “Talpa International B.V.” şirkətinə məxsus bu layihənin lisenziyasının AzTV-yə verilməsində həlledici rol oynadı. Televiziya layihənin Azərbaycan versiyasını peşəkarcasına gerçəyə çevirdi.

Azərbaycan Televiziyası davamlı olaraq yeni layihələri ilə də tamaşaçıları cəlb edir, onlara yeni-yeni maraqlı proqramlar, intellektual verilişlər təqdim edir.

Teleradiomuzun uğurları qonaqlarımızın da diqqətindən yayınmır, istər yerli, istər əcnəbi qonaqlar burada gördüklərinə heyranlıqlarını gizlətmirlər. 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları AzTV-dəki islahatlardan məmnun qalmışdılar. 2014-cü ilin sentyabrında “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondların dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşkilatçılığı ilə “Tefi-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalının Bakıda keçirilməsi də, ilk növbədə AzTV-nin artan nüfuzundan xəbər verir. 3 günlük Beynəlxalq televiziya festivalının iştirakçıları da AzTV-də gördüklərindən, burada aparılan islahatlardan məmnun qaldılar. Televiziyanın istehsalı olan “Heydər Əliyev Fondu – 10 il”  filmi isə festivalın ən yüksək mükafatını qazandı.

Son illərdə AzTV, eyni zamanda bir sıra beynəlxalq mükafatlara, müxtəlif dövlət strukturlarının, ictimai təşkilatların mükafat və diplomlarına da layiq görülüb.

Azərbaycan televiziya məkanının 1-cisinin – Ana televiziyamızın izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində də özünü qabarıq şəkildə göstərir. Hazırda ölkəmizdə bir çox özəl telekanal fəaliyyət göstərir. Azərbaycan Teleradiosunda yetişən peşəkar kadrların həmin televiziyaların yaranması, formalaşması prosesindəki rolu danılmazdır. 2005-ci il avqustun 9-da isə ölkəmizdə İctimai Televiziya fəaliyyətə başlayıb.

Azərbaycan Teleradiosu isə ildən-ilə uğurlarının sayını artırır. Bu uğurların hər birində isə Prezident İlham Əliyevin çox böyük əməyi var. Ən böyük mükafat da elə Dövlət başçısının teleradionun inkişafına və kollektivə göstərdiyi böyük diqqət və qayğıdır. Prezident İlham Əliyevin Sərəncamları ilə rəhbərliyin və əməkdaşların orden və medallarla təltif olunması, fəxri adlara layiq görülməsi, mənzillə təmin edilməsi teleradionun hər bir üzvü üçün stimula çevrilir.