Siyasət

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub

13-02-2018 | 16:20        

  

Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub. İclasda “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi də birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclasın gündəliyinə 19 məsələ salınmışdı. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra “Konstitusiya Məhkəməsi haqqında" qanunda dəyişikliklər edildi. Dəyişikliyə əsasən Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakimin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq. Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulan təminatlar Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakimə də şamil ediləcək. Milli Məclis Ali Məhkəmənin sədri Ramiz Rzayevin yenidən adı çəkilən məhkəmənin hakimi təyin olunmasına və Naxçıvan Hərbi Məhkəmənin sədri Qasım Əliyevin Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilməsinə müsbət münasibət bildirdi. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olundu. Məruzəni təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirdi ki, 2017-ci ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımı metodiki və hüquqi dəstək göstərilib. Ötən il nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə təqdim olunan  64788 bələdiyyə aktının hüquqi ekspertizası keçirilib, qanunvericiliyə uyğunluğu yoxlanılıb. Torpaq qanunvericiliyinin pozulmasının qarşısının alınması və onları törədən səbəblərin aradan qaldırılması istiqamətində görülən tədbirlər və verilən 4378 tövsiyyə sayəsində pozuntu halları əvvəlki illə müqayisədə 3 dəfədən çox azalıb. Millət vəkilləri mərkəzin gördüyü işi müsbət qiymətləndirərək hesabatın ildən-ilə təkmil hazırlandığını bildirdilər. Bələdiyyələrin gələcək fəaliyyəti ilə bağlı bəzi təklif və tövsiyyələr də səsləndi. Məruzə səsvermə ilə qəbul olundu. Dövlət başçısının “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihəni prezidentin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” Sərəncamına əsasən təşkil edilmiş İşçi qrup hazırlayıb. İşçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, beş fəsil, 30 maddədən ibarət qanun layihəsi Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyənləşdirir.  Azad zona müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad zona ərazisində yaradılır. Azad zona səlahiyyətli qurumunun azad zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun daxili qaydaları hazırlamaq, qəbul və dəyişikliklər etmək, Azad zonanın beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədilə Azad zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq, hüquq və vəzifələri üçüncü şəxslərə ötürmək kimi müəyyən hüquqları var. Layihədə azad zonada gömrük, vergi tənzimlənməsi, əmək qaydaları, sərhəd rejimi, miqrasiya, ətraf mühitin mühafizəsi, investorların hüquqları, lisenziyalaşdırma və icazə, kommunal xidmətlər və nəqliyyat kimi məsələlər də yer alıb. Azad zona səlahiyyətli qurumu Azad zona daxilində əmək münasibətlərini tənzimləmək, o cümlədən əməyin təhlükəsizliyini təmin etmək məqsədilə daxili qaydalar formasında əmək qaydaları qəbul edəcək. Qeyd olundu ki, sənəd hazırlanarkən dünyada gedən proseslər, Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq. Son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işlər fonunda belə bir qanunun qəbulu vacib sayıldı. Diqqətə çatdırıldı ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR