İqtisadiyyat

Beynəlxalq idman yarışları ölkənin iqtisadi inkişafına töhvələr verir

13-02-2018 | 13:56        

  

Azərbaycan uğurla ev sahibliyi etdiyi beynəlxalq idman yarışları ilə idman infrastrukturunu inkişaf etdirib. Bu həm də ölkənin iqtisadi inkişafına mühüm töhvələr verir. “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda da bu barədə danışılıb.

Azərbaycan idman sahəsində əldə etdiyi uğurlarla dünya ölkələri arasında öz bayrağını qalib ölkə kimi dalğalandırır. Və sözsüz ki, bu uğurlar həm də ölkənin iqtisadi inkişafına dəstək deməkdir. Gənclər və idman naziri Azad Rəhimov dedi ki, ölkəmiz 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran Prisi və digər böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Nazirin qənaətincə,  Azərbaycanın idman infrastrukturu inkişaf edib, təşkilatçılıq qabiliyyəti artıb. İdman yarışlarının təşkilində insan faktorunun da mühüm rol oynadığını qeyd edən nazir könüllü kimi minlərlə gəncin bu yarışlarda iştirak etdiyini  və  sonradan onların mütəxəssis kimi formalaşdıqlarını da diqqətə çatdırdı.  Formula 1 Azərbaycan Qran Prisi zamanı paytaxt Bakıda müxtəlif şopping festivallar təşkil ediləcək. Bu barədə isə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verdi. Nazir hesab edir ki, beynəlxalq yarışlar iqtisadiyyata  müsbət təsir etməklə yanaşı,  ölkənin mədəniyyətinin tanıdılmasına da xidmət edir. Ötən il ölkəyə 2 milyon 800 min turistin gəldiyini  deyən nazir Əbülfəz Qarayev hazırda turizmin inkişafı nəticəsində 60 min insanın bu sahəyə işçi kimi cəlb olunduğunu bildirdi. Nazirin sözlərinə görə,  beynəlxalq yarışlar geniş əks-səda yaradaraq Azərbaycanın dünyadakı imicini də möhkəmləndirir. Formula 1 Qrupunun baş icraçı direktoru Çeys Keri formula 1 qran prisinin unikal və qlobal bir yarışma olduğunu qeyd etdi, azarkeşlərin ilbəil artdığını dedi. O, yarışlar zamanı təntənəli tədbirlər keçirməyin vacibliyini vurğuladı. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında milli aviasiyasının rolu böyükdür. Bunu Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirdi. O, uçuş təhlükəsizliyinin təkmilləşdirilməsi və xidmət səviyyəsinin artırılması istiqamətində daim işlər aparıldığını diqqətə çatdırdı.