Mədəniyyət

MuzTV Azərbaycan kanalının peyk yayımına başlayıb

13-02-2018 | 09:13        

  

Ölkəmizdə ilk musiqili internet televiziyası olan MuzTV Azərbaycan kanalının peyk yayımına başlaması münasibətilə tədbir keçirilib. Mərasim Müslüm Maqomayev adına  Akademik Dövlət Filarmoniyasında  təşkil olunub.

İncəsənətimizin  təbliği istiqamətində  yeni imkanlar açan musiqi kanalı MuzTV 2012-ci ildən internet televiziyası kimi fəaliyyət göstərib. Yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edib. Bu barədə MuzTV Azərbaycan kanalının peyk yayımına başlaması münasibətilə keçirilən tədbirdə məlumat verildi. Millət vəkilləri Rafael Hüseynov, Jalə Əliyeva və Novruz Aslan çıxışlarında bildirdilər ki, MuzTV tamaşaçının zövqünü oxşamaqla yanaşı, həm də yeni layihələri, proqramları və verilişləri ilə geniş auditoriyanın diqqət mərkəzində olacaq.  Bu gün dünyada geniş yayılmış musiqi kanalları sırasında MuzTV də özünəməxsus yer tutaraq  mədəniyyətimizin  təbliğinə layiqli töhfələr verəcək. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov belə bir televiziyanın açılmasını bədii zövqün formalaşmasında əhəmiyyətini vurğuladı. MuzTV Azərbaycanın direktoru Elnur Kələntərli isə rəhbərlik etdiyi kanalın fəaliyyəti barədə məlumat verdi.

Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdi.