Bölgələr

2017-ci ildə ölkəmizin əldə etdiyi uğurlarda hər bölgənin payı var

12-02-2018 | 16:53        

  

Ötən ildə ümumi məhsul istehsalı artıb, sənaye, kənd təsərrüfatı və digər sahələrdə yüksək nəticələr qazanılıb, tikinti-abadlıq işləri davam etdirilib. Müxbirlərimiz bölgələrdən xəbər verirlər.

2017-ci il Gəncənin tarixinə prezident İlham Əliyevin bu şəhərə növbəti səfəri və bir neçə böyük tikinti layihəsinin başa çatması ilə düşdü. Səfər zamanı Gəncə Dövlət Filarmoniyasının yeni binası istifadəyə verilib. Dövlət başçısı yeni otelin tikintisi, Ticarət Mərkəzində yaradılan şəraitlə, İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilən 514 yerlik yataqxana kompleksinin, Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib. Ümumilyyətlə ötən il Gəncə əsl tikinti-quruculuq meydanına çevrilib. 324 çoxmənzilli binanın dam örtüyü təmir edilib, 90-a yaxın lift yenisi ilə əvəzlənib. 2 yeraltı keçid inşa olunub. 4 təhsil ocağı, 2 uşaq bağçası-körpələr evi, 1 xəstəxana əsaslı təmir olunub. Şəhərin iqtisadiyyatı güclənib, ümumi daxili məhsul istehsalının həcmi 1 milyard manata yaxın olub. Gəncənin 2017-ci ili həm də MDB-nin Mədəniyyət paytaxtı kimi uğurla başa vurması da şəhər üçün əlamətdar hadisə olub. Layihə çərçivəsində şəhərdə müxtəlif tədbirlər keçirilib. Hesabat yığıncağında bu il də sosial-iqtisadi sahələrdə qazanılan uğurların sayının artacağı, infrastruktur layihələrin icrasının sürətlə  davam etdiriləcəyi vurğulanıb.

Lənkəran şəhəri 2017-ci ili yüksək göstəricilərlə başa vurub. Ümumi məhsul istehsalı 2016-cı ilə nisbətən 9 faiz artaraq 449 milyon manat təşkil edib. Prezident İlham Əliyevin Lənkərana səfəri çərçivəsində çəltik zavodu, otel kompleksi isteifadəyə verilib. Bundan başqa, qəzalı vəziyyətdə olan 13 çoxmənzilli yaşayış binası əsaslı təmir edilib, 20 çoxmənzilli yaşayış binasının isə dam örtüyü və fasadı yenidən qurulub. Ötən ilin dekabrında Lənkəranda ilk dəfə çay, çəltik və sitrus meyvələri festivalının keçirilməsi kənd təsərrüfatında qazanılan nailiyyətlərin parlaq nümayişinə çevrilib. İl ərzində rayonda 50 hektar sahədə yeni çay plantasiyaları salınıb, məhsuldar plantasiyalardan isə 241 ton yaşıl çay yarpağı yığılıb. 526 hektar çəltik sahəsindən 1815 ton məhsul istehsal olunub, məhsulun keyfiyyətli emalı üçün yeni texnologiya ilə işləyən 2 zavod quraşdırılıb. Yeni sitrus bağları salınıb. Baramanın yem bazasının artırılması məqsədilə 100 min tut tingi əkilib. Yığıncaqda görülən işlər yüksək qiymətləndirərək, qarşıda duran vəziflər müzakirə edilib.

Ötən il Şirvan şəhəri üçün də uğurlu olub. Ümumi məhsul istehsalı 16 faiz artaraq 586 milyon 930 min manata çatıb. Bunun böyük hissəsi sənayenin payına düşür. Şəhərin sənaye müəssisələrində 408 milyon 891 min manatlıq məhsul istehsal edilib. Əsas kapitala 34 milyon 271.5 min manat vəsait yönəldilib. Şəhərdə tikinti-quraşdırma işlərinin həcmi isə 3,2 dəfə artıb. “Gənclər evi”nin tikintisi başa çatdırılıb. Heydər Əliyev Fondunun təsəbbüsü ilə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib. Respublika prezidentinin sərəncamına əsasən dövlət başçısının ehtiyat fondundan ayrılan vəsait hesabına təxminən 70 çoxmərtəbəli yaşayış binası əsaslı və cari  təmir olunub. Bundan əlavə, şəhərin bir sıra küçə və prospektlərində təmir-bərpa işləri, nümunəvi məhəllərin salınması davam etdirilib. İndiyə qədər 30-a qədər məhəllə abadlaşdırlıb. Şəhərin su təchizatı və kanalizasiya sitemləri də yenidən qurulur. Hesabat yığıncağında görülən işlər təhlil edilib, qarşıda duran əsas vəzifələr müəyyənləşdirilib. 

2017-ci il Qazax rayonu üçün iqtisadiyyatın müxtəlif sahələrində qazanılan uğurlarla yadda qalıb. Ümumi məhsul istehsalı 2,5 faiz artmaqla 157 mln. 537 min manat olub. Sənayedə 1,8 dəfə, kənd təsərrüfatında isə 8 faiz artım qeydə alınıb. Əsas kapitala 16 mln. 416 min manat investisiya yönəldilib. Respublika prezidentinin sərəncamına əsasən çoxmənzilli binaların dam örtüyü və fasad hissəsi təmir edilib. 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılıb. Digər uşaq bağçaları əsaslı və cari təmir olunub. Ötən il Qazaxda kənd təsərrüfatı məhsulu istehsalı da artıb. 36.469 ton taxıl yığılıb. Ümumi məhsuldarlıq 33 sentner olub. İl ərzində 3250 ton üzüm, 22 min ton kartof, 2 min 726 ton qarğıdalı, 132 ton günəbaxan, 12 min 013 ton tərəvəz, 5 min 387 ton şəkər çuğunduru istehsal edilib. 50 hektara yaxın fındıq bağı salınıb. 2018-ci ilin məhsulu üçün 12 min 352 hektar sahədə payızlıq taxıl səpilib ki, bu da ötən il əkilın sahədən 1312 hektar çoxdur. Yığıncaqda rayonda sosial-iqtisadi inkişafın davamlı xarakter aldığı, 2018-ci ilin də uğurlu olacağı bildirilib.

2017-ci il şamaxılılar üçün də uğurlu olub. Prezident İlham Əliyevin rayona səfəri zamanı Şamaxı-Çöl Göylər-Padar, Pirqulu-Dəmirçi avtomobil yolları, şəhərin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib. Ötən dövr ərzində Şamaxı şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələr üçün 36 mənzilli yaşayış binasının tikintisi davam etdirilib. Bir çox binaların fasad hissələri və dam örtükləri təmiri edilib. Küçələr asfaltlanıb. Aqrar sahədə də bir sıra uğurlar əldə edilib. 27 min 669 ton buğda, 15 min 738 ton arpa istehsal olunub. Fermerlər tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bağların ərazisi 1710 hektara çatdırılıb. Yığıncaqda şəhərdə aparılan abadlıq-quruculuq işlərinin insanların sosial rifahının yüksəlməsinə xidmət etdiyi və davamlı olacağı bildirilib.

Ötən il Ağcabədi rayonunda da sosial-iqtisadi inkişaf tempi davam etdirilir. İqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalı 1,7 dəfə artaraq 481 mln. 111 min manat olub. Sənayedə 2 dəfə, kənd təsərrüfatında isə 9,7 faiz artım əldə edilib, əsas kapitala 212 mln. manat investisiya yönəldilib. 3 min 302-i daimi olmaqla, 5 min 244 iş yeri açılıb. Ölkə başçısı İlham Əliyevin rayona səfəri zamanı Bayraq Muzeyi, körpələr evi-uşaq bağçası, Olimpiya İdman Kompleksi, çörək və un məmulatları zavodu və Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilib. Bundan başqa, Aran kənd 1 saylı körpələr evi-uşaq bağçası, rayon elektrik şəbəkəsinin inzibati binası və pambıq qəbulu məntəqəsinin tikintisi başa çatdırılıb. Ötən il rayonda 59 min ton buğda, 58 min 50 ton şəkər çuğunduru, 4 min 300 tondan çox soya, 13 min tona yaxın tərəvəz, 14 min  tondan çox bostan məhsulları istehsal edilib. 20 min 500 tona yaxın pambıq, həmçinin 17 tona qədər yaş barama tədarük olunub. Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi və digər xidmətlərlə təminatının da yaxşılaşdırıldığı qeyd edilib.

2017-ci ildə Qobustan rayonun da iqtisadiyyatı inkişaf edib. Ümumi məhsul istehsalı 26,7 faiz artaraq,  165 milyon 55 min manat təşkil edib. Bu artım sənayedə 31, kənd təsərrüfatında isə 32,4 faiz olub. Rayonda abadlıq-quruculuq işləri davam etdirilib. Prezident İlham Əliyevin rayona səfəri zamanı Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi, Təklə-Sündü-Xilmilli avtomobil yolu, 100 yerlik uşaq bağçası, içməli su sistemi istifadəyə verilib. Avtomobil yolları təmir olunub. Hazırda şəhər 3 saylı tam orta məktəbin yeni binasının tikintisi yekunlaşmaq üzrədir. Təsi və Sədəfli kənd ümumi orta məktəblərinin hər biri üçün 54 yerlik modul tipli yeni məktəb binaları tikilib. Rayon Mərkəzi Xəstəxanasının tikintisi isə davam etdirilir. Çoxmənzilli yaşayış binaları əsaslı təmir edilib. Ötən il rayonda 53 min 280 ton taxıl, 583 ton noxud, 2 min tona yaxın kartof istehsal edilib. 2017-ci ilin yekunlarına həsr olunan yığıncaqda rayonun potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi bildirilib.  

Ötən il Hacıqabul rayonunun da sosial-iqtisadi həyatında  ugurlu göstəricilər qeydə alınıb. İqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalı 322 milyon 780 min manat olub. Bu rəqəm sənayedə 19 milyon manat, kənd təsərrüfatı 130 milyon min manat təşkil edib. Abadlıq-quruculuq işləri davam etdirilib. Şəhərin küçələri asfaltlanıb. Çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənib. Hazırda Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolu təmir olunur, “Pirsaat” massivində 27,6 km uzunluğunda suvarma kanalı tikilir. Ötən il 10 hektar sahədə 5 müasir istilixana tikilib. Atbulaq kəndində isə  17 hektar ərazidə müasir tipli istixananın tikintisi davam etdirilir. Ötən il həm də 700 başlıq heyvandarlıq kompleksi yaradılıb, ildə 9,6 milyon yumurta istehsal etmək gücündə olan quşçuluq müəssisəsinin tikintisi davam etdirilib. Rayonda 44 min tondan çox taxıl, 1267 ton pambıq, 12 min tona yaxın bostan məhsulları, 11 min tondan çox meyvə istehsal edilib. Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrindəki vəziyyət də müzakirə edilib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR