Digər

Meliorasiya sahəsinə qoyulan böyük vəsait sahibkarlığa dövlət tərəfindən göstərilən dəstəyin təzahürüdür

12-02-2018 | 11:07        

  

Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür. Odur ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda meliorasiya və su təsərrüfatı məsələləri diqqət mərkəzində oldu və Prezident İlham Əliyev müvafiq qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirdi.

Respublikamızda aqrar islahatlar vüsət götürdüyündən  hazırda meliorasiya və suvarma kompleksinin hərtərəfli inkişafı da Prezident İlham Əliyevin tapşrıqlarına uyğun olaraq başlıca prioritetlərdən biridir. Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə Su Anbarları nəinki aqrar sektora, ümumilikdə ölkə iqtisadiyyatına mühüm töhfələrdir. Məhz, bu nəhəng dəryaçaların vaxtında inşası indi qarşıda duran prioritet vəzifələrin həllində əvəzsiz rol oynayır, aqrar islahatları uğurla reallaşdırmağa əlverişli zəmin yaradır. Bundan başqa, demək olar ki, bütün bölgələri əhatə edən kanalların qazılması və yenilərinin çəkilməsi on minlərlə hektar əkin sahəsinin dövriyyəyə cəlb olunmasını şərtləndirir. Ümumilikdə, 2017-ci ildə 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilmişdir ki, bu da həmin ərazilərə yeni nəfəs verməklə yanaşı, sahibkarlığa dövlət tərəfindən göstərilən dəstəyin növbəti təzahürü kimi xarakterizə oluna bilər. Kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən sözügedən infrastruktur layihələr 2018-ci ilin də prioritetləri sırasındadır.

Meliorativ tədbirlərin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də sudan səmərəli istifadə olunmasıdır. Odur ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin müvafiq qurumlar qarşısında qoyduğu vəzifələrdən biri də pivot suvarma sistemlərinin geniş tətbiq edilməsi ilə bağlı idi. Eyni məqsədlə ölkəmizdə pivot qurğularının istehsalı da təşkil olunur və bu amil həmçinin, xaricə vəsait axınının azaldılmasında önəmli faktordur. Digər tərəfdən suvarmada innovativ texnologiyalardan istifadə məhsuldarlığı böyük dərəcədə artırır.  Melorasiya sahəsində diqqət çəkən məqamlardan biri də Kür və Araz çayı boyunca yaradılan iri taxılçılıq və pambıqçılıq təsərrüfatları, eyni zamanda həmin ərazilərdə yerləşən kənd və qəsəbələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasıdır. Bu məqsədlə həmin çaylar üzərində nasos stansiyaları və hidrotexniki avadanlıqların quraşdırılması işləri görülüb, mövcud olanları yenilənib və ya təmir edilib. Araz çayının yeni qolu, Yuxarı Mil kanalı və digər onlarla mühüm hidrotexniki qurğularda kompleks tədbirlər reallaşdırılıb. Təkcə, ötən il il suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 42,2 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb, 4360 hidrotexniki qurğu, 798 hidropost, 3920 subartezian nasosu, 159 horizontal nasos, 84 elektrik və dizel mühərriki, 4 transformator təmir edilib. Bütün kənd təsərrüfatı bitkiləri üzrə ümumilikdə, 1 milyon 437 min hektar sahə orta hesabla 3,2 dəfə suvarılıb, su istifadəçilərinə 6,1 milyard kubmetr su verilib.

Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndi və cəbhə bölgəsindəki digər yaşayış məntəqələrinin əkin sahələrinin suvarılması məsələləri də maksimum diqqətdə saxlanılır.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq eyni zamanda seldən mühafizə tədbirləri də səngimir. Bir sözlə, ölkə iqtisadiyyatının, xüsusilə, kənd təsərrüfatının köklü şəkildə inkişafı, əhalinin ərzaq təhlükəsiziliyinin təminatında meliorasiya və irriqasiya kompleksinin də mühüm rolu var. Ötən illərin reallıqları bir daha təsdiqləyir ki, bu baxımdan dövlət başçısı həmin sahənin də kompleks inkişafını mütamadi diqqətdə saxlayır.