Xarici xəbərlər

Büdcə məsələləri ilə əlaqədar bir sıra dövlət qurumlarının fəaliyyəti yenə də dayandırılır

09-02-2018 | 10:53        

  

ABŞ Konresinin yeni büdcə layihəsini vaxtında qəbul etməməsi, bir sıra dövlət qurumlarının fəaliyyətinin dayandırılmasını yenə də qaçılmaz edib. Bir neçə gün əvvəl demokratlarla respublikaçılar xərclərin artırılmasını nəzərdə tutan yeni uzunmüddətli büdcə layihəsini razılaşdırandan sonra, layihənin Senatda qəbul edilərək, Nümayəndələr Palatasına təqdim olunacağı gözlənilirdi. Lakin fikir ayrılıqları səbəbindən bu mümkün olmayıb. Xərclərin artırılmasına qarşı çıxan Respublikaçılar partiyasından olan senator Rend Polun çıxışı səsvermənin müəyyən olunmuş vaxtda keçirilməsinə imkan verməyib. Rend Polla yanaşı bir çox respublikaçı konqresmen də federal xərclərin artırılmasına etiraz edir. Qeyd edək ki, bu son 3 həftə ərzində dövlət qurumlarını öz fəaliyyətini dayandırmağa vadar edən ikinci belə haldır. Ötən ay müvəqqəti büdcə layihəsinin qəbul olunmaması yanvarın 20-dən 23-dək bir sıra federal qurumların bağlanmasına gətirib çıxarmışdı. Bundan sonra fevralın 8-dək federal hökumətin maliyyələşməsini nəzərdə tutan büdcə layihəsi qəbul edilmişdi.