Siyasət

Naxçıvan Muxtar Respublikasının yaranmasından 94 il keçir

09-02-2018 | 10:03        

  

Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasından 94 il keçir. İndi ölkəmizdə bütün sahələrdə görülən irimiqyaslı işlər Naxçıvan Muxtar Respublikasının da həyatında ciddi inkişaf prosesləri ilə müşayiət olunur. Sürətlə inkişaf edən bu qədim diyar hazırda ölkəmizin əldə etdiyi uğurların mühüm tərkib hissəsi kimi çıxış edir.

Dünyanın ən qədim insan məskənlərindən olan Naxçıvan azərbaycanlıların ulu əcdadlarının ilkin mövcudluq məkanıdır. 5 min il yaşı olan bu qədim diyarda tarixi dövrlərin bütün mərhələləri mövcud olub. Dünya arxeologiya elminin nadir incisi Gəmiqayanın kəşfi, əcdadların qayalar üstündə cızdığı 1000-dən çox rəsm Naxçıvanın ilk insan məskənlərindən biri olması faktını bir daha təsdiqləyib. Naxçıvan toponimi Nuh peyğəmbərlə bağlıdır. Müqəddəs kitablarda qeyd  olunduğu kimi, dünya daşqınında Nuhun gəmisi Kiçik Qafqazın ən uca zirvəsində - Naxçıvan ərazisindəki Gəmiqaya yüksəkliyində dayanıb. Nuh peyğəmbər burada yaşayıb-yaradıb, bu qədim Azərbaycan torpağında onun nəsli formalaşıb. Eradan əvvəl IX-VI əsrlərdə Manna və Midiyanın, iki yüz il sonra Əhəmənilər imperiyasının, daha sonra Atropatenanın tərkibində olan, Qafqaz Albaniyasının və Sasanilərin tərkibində ikən mühüm tarix yazan, şərqin ticarət və sənətkarlıq mərkəzinə çevrilən, Atabəylər dövlətinin paytaxtı olan, Səfəvilər imperiyası parçalandıqdan sonra müstəqil xanlıq kimi öz mövcudluğunu qoruyub saxlayan Naxçıvan 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə əsasən Rusiya imperiyasının tərkibinə daxil edildi. 1921-ci il 16 mart tarixli Moskva, 13 oktyabr tarixli Qars beynəlxalq müqavilələri ilə Naxçıvanın Azərbaycan tərkibində muxtar respublika statusu təsbit olundu. Həmin müqavilələrdə xüsusi vurğulanır ki, Azərbaycan yalnız özünə məxsus olan bu himayəni üçüncü bir dövlətə verə bilməz. Bununla da 1924-cü ildə Naxçıvan Azərbaycan daxilində muxtar respublika elan edildi.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti:

Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. 

1969-cu ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi Naxçıvanın da həyatında əsil dirçəliş dövrü kimi xarakterizə olunur. O illərdə böyük tikinti-quruculuq meydanına çevrilən Naxçıvanda sənayeləşmə prosesi daha da sürətləndi. Yeni müəssisələrin tikilib itifadəyə verilməsi ilə muxtar republikanın iqtisadi potensialı gücləndi. Nəticədə Naxçıvan qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrildi. Bu siyasət ulu öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verib Naxçıvana qayıtmasından sonra da davam etdirildi. Heydər Əliyevin böyüklüyü Naxçıvanın Ermənistan tərəfindən işğal ehtimalını aradan qaldırdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Ali Sovetinin sonuncu sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və rəsmi olaraq Azərbaycan ərazisində ilk dəfə Naxçıvanda dalğalandı. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Blokada şəraitində yaşayan Naxçıvanın iqtisadi və siyasi münasibətlərinin qurulmasında müstəsna xidmətlər göstərən Heydər Əliyev İran və Türkiyə ilə əlaqələri gücləndirdi. Heydər Əliyevin tarixi xidmətləri sayəsində Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsü istifadəyə verildi.

1993-cü ilin iyununda Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəlməsindən sonra başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal və yaradıcı surətdə davam etdirildi. 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında onlarla təhsil müəssisəsi, səhiyyə, mədəniyyət obyektləri tikildi. Bütün bunlar böyük dövlət xadimi Heydər Əliyevin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanıldı. Xalqın Heydər Əliyev ideallarına sadiqliyi 2003-cü ildən sonrakı dövrdə də Azərbaycanın inkişafı, onun müstəqillik dayaqlarının daha da möhkəmlənidirilməsi istiqamətində özünü daha qabarıq göstərdi. Dövlət başçısı ilk növbədə Muxtar Respublikada ordu quruculuğunun sürətlə və yüksək standartlara uyğun aparılmasına diqqət yetirdi. Naxçıvanda mövcud olan hərbi hissələrin modernləşdirilməsi, yeni hərbi obyektlərin tikilib istifadəyə verilməsi ilə yanaşı, həmin hissələr müasir silah və sürsatlarla təchiz olundu. Naxçıvan Muxtar Respublikasının iqtisadi müstəqilliyinə nail olmaq üçün yeni istehsal müəssisələrinin açılması, bu minvalla əhalinin məşğulluğunun artırılması diqqət mərkəzində saxlandı. İri sənaye komplekslərinin və istehsal sahələrinin yaradılması nəticəsində sənaye məhsulu istehsalında qeyri-dövlət sektorunun payı 95 faizə çatdırıldı. Naxçıvan Muxtar Respublikasının enerji müstəqilliyinə də də nail olundu. Dövlət başçısının xidmətləri sayəsində 2005-ci ildə İran İslam Respublikasından Naxçıvana mübadilə yolu ilə təbii qazın verilməsinə başlandı və hazırda Naxçıvanda qazlaşdırma 100 faizə yüksəlib. Bundan başqa Naxçıvanın elektrik enerjisi ilə təchizatı ilə bağlı məqsədə nail olundu. Bir neçə iri elektrik stansiyalarının açılması və alternativ enerji mənbələrinin yaradılması ilə muxtar respublikanın elektrik enerjisinə olan təlabatı tam ödənildi. Naxçıvan Muxtar Respublikasının nəqliyyat sisteminin yenidən qurulması, bu sahədə köklü islahatların həyata keçirilməsi də hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son illərdə burada yol-nəqliyyat infrastrukturu demək okar ki, yenidən qurulub, Naxçıvanı digər şəhərlərlə birləşdirən keyfiyyətli yollar salınıb. Naxçıvan beynəlxalq hava limanının fəaliyyətinin gücləndirilməsi, yeni inzibati binanın inşası, “Şərq Terminalı”nın istifadəyə verilməsi ilə aeroportun sərnişin qəbulu və yolasalma imkanları saatda 600 nəfərə çatdırılıb. Bundan əlavə, Naxçıvanın Ermənistan tərəfindən yaradılan nəqliyyat blokadasının aradan qaldırılması istiqamətində tarixi addım atılıb. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq qatarı istifadəyə verilib. 2017-ci ildə fəaliyyətə başlayan və Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu da Naxçıvan üçün böyük üstünlüklər vəd edir. Gələcəkdə bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzadılması diqqət mərkəzindədir. Onu da deməliyik ki, əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatı istiqamətində həyata keçirilən mühüm tədbirlər də öz bəhrəsini verib. Məhsul çeşidinin və həcminin artımı muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm faktora çevrilib. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf proseslərinin sürətlənməsi bir çox sosial sahələrə də dinamik xarakter verib. Son illərdə burada 200-ə yaxın yeni məktəbin tikilməsi, müasir səhiyyə ocaqlarının fəaliyyətə başlaması, turizm potensialının inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görülməsi Naxçıvanın əhəmiyyətini daha da artırıb. Bu prosesə otel və istirahət mərkəzlərinin yaradılması, 600-ə qədər dünya və ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələrinin mövcudluğu güclü təkan verib. İslam Konfransı Təşkilatına üzv ölkələrinin mədəniyyət nazirlərinin Bakıda keçirilən VI toplantısında 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunan Naxçıvan bu gün də milli-mənəvi dəyərlərə sadiqliyi, Şərqin nadir incilərinin toplandığı məkan kimi diqqət çəkir. Naxçıvan əhalisi milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərir, müstəqilliyimizin əbədi olmasında yaxından iştirak edir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti:

- Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcək. Bu günədək görə bilmədiyimiz işləri görəcəyik. Görüləsi işlər vardır. Ancaq deyə bilərəm ki, xalqımızı narahat edən əsas sosial və iqtisadi məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz. Eşq olsun Azərbaycan xalqına, yaşasın Naxçıvan!