İqtisadiyyat

Mir Cəlal və Təbriz küçələri yenidən qurulur

07-02-2018 | 16:48        

  

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən 2018-ci ildə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında duran əsas məsələlərdən biri də paytaxtda hərəkət intensivliyini təmin etmək  üçün prospekt və küçələrin bərpasıdır. Bu günlərdə bu məqsədlə paytaxtın daha iki küçəsində avtomobil yolunun təmirinə başlanıb.

Əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin eni 22 metrdən 24 metrə qədər genişləndiriləcək. Təmir-tikinti işləri çərçivəsində küçənin 1 kilometrlik hissəsində artıq köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri təhlükəsizlik baxımından yolun alt hissəsinə köçürülür. Artıq bu işlər yolun 400 metrlik hissəsində yekunlaşdırılıb.

Vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Təbriz küçəsinin də yenidənqurulmasına başlanılıb. 3.5 kilometrlik yolun  hərəkət hissəsinin eni ortalama 16 metr təşkil edir. 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür.

Yenidənqurma işləri çərçivəsində 35 min kvadratmetrdən çox sahədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Eyni zamanda, yol ayrıcı və piyada səkiləri bərpa olunur, kənarlarında köhnə səki daşları sökülərək yeniləri ilə əvəz olunur. Müasir işıqlandırılma sistemi yaradılacaq küçədə, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılacaq.