İqtisadiyyat

Regionlarda icra olunan içməli su və kanlizasiya şəbəkələrinin tikintisi 2018-ci ildə yekunlaşacaq

07-02-2018 | 13:33        

  

“Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində bölgələrdə 50 şəhər və 500-dən çox kənddə su layihələri icra edilib. Əhalinin təmiz, keyfiyyətli, içməli suya tələbatı təmin edilib. 2018-ci ildə də bu sahədə daha böyük işlərin görülməsi nəzərdə tutulur. Əsas hədəf hər bir yaşayış məntəqəsinin dayanıqlı və keyfiyyətli içməli su təminatına nail olmaqdır.

Dövlət başçısının bütün yaşayış məntəqəsini fasiləsiz və keyfiyyətli, içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq, respublikanın 50 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla həyata keçirilir. Ötən müddətdə 23 şəhərdə su və kanalizasiya şəbəkələrinin, 10 şəhərdə isə su şəbəkələrinin inşası artıq uğurla başa çatıb. Kənd  yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə də yeni layihələr icra olunub. Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda içməli su infrastrukturlarının yenidən qurulması layihələrinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfələr verdiyini vurğulayıb.

Tapşırıqlara uyğun olaraq əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə 2004-2017-ci illərdə 20-dən çox su mənbəyi yaradılıb. 1390 kilometri magistral olmaqla, 9 min 230 kilometr su kəməri, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 300-dən çox subartezian quyusu qazılaraq istismara verilib. Yeni şəbəkələrin yaradılması, mövcud şəbəkələrin genişləndirilməsi hesabına xidmət göstərilən abonentlərin sayı 60 faizdən çox artıb, 1 milyon 410 minə çatıb, sayğaclaşma səviyyəsi 77 faizə çatdırılıb. Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 6,6 kubmetr olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa olunub. Aran bölgəsi sakinlərinin içməli suya olan tələbatını ödəmək üçün 107 kilometrlik Şirvan-Muğan, 62 kilometrlik Sabirabad-Saatlı qrup su kəmərləri tikilib. Külüllü mənbəyində yaradılan və məhsuldarlığı saniyədə 450 litr olan sugötürücü qurğu rayon mərkəzləri və ətraf kəndlərin keyfiyyətli su təminatında müstəsna əhəmiyyət daşıyır. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident Sərəncamına uyğun olaraq, 2017-ci ildə 28 rayonun 170 kəndində 535 kilometr su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da, içməli sudan korluq çəkən kənd əhalisinin keyfiyyətli, içməli suya tələbatı ödənilib.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində işlər 2018-ci ildə sürətlə davam etdiriləcək. Ölkə başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan konfransda verdiyi tapşırıqlara uyğun olaraq başlanılan layihələrin davam etdirilməsi, içməli sudan korluq çəkən kəndlərdə və Qazax şəhərində yeni layihələrin, 12 şəhərdə isə tullantı sutəmizləyici qurğuların inşasına başlanılması nəzərdə tutulur. 2018-ci ildə regionlarda görülən işlər çərçivəsində Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Mingəçevir, Şəmkir, Qax və Astara şəhərlərində su şəbəkəsinin tikintisi yekunlaşacaq. Daşkəsən, Göyçay və Qəbələdə, Bakının Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğuların tikintisi də başa çatdırılacaq. Əhalinin dayanıqlı və keyfiyyətli, içməli su ilə təminatı məqsədilə Bakı şəhərində yenidən qurulacaq – Babək pospekti, Mir Cəlal və Təbriz küçələri boyunca su və kanalizasiya xətlərinin yenilənməsi də nəzərdə tutulur. “Ağ şəhər”də, Abşeron yarımadasının qəsəbələrində su və kanalizasiya sistemlərinin yaradılması layihələri, eyni zamanda binadaxili su təchizatı sistemlərinin yenilənməsi və sayğaclaşma işləri davam etdiriləcək. Müasir tələblər səviyyəsundə qurulan Təlim və İnnovasiyalar Mərkəzinin yaradılması layihəsi də yekunlaşacaq. Bölgələrdə suyun keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə regional laboratoriyaların yaradılması və komplektləşdirilməsi işləri həyata keçiriləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR