İqtisadiyyat

Azərbaycan “2018 İqtisadi Azadlıq” indeksində irəliləyib

06-02-2018 | 13:30        

  

Azərbaycan “2018 İqtisadi Azadlıq” indeksində bir pillə irəliləyərək 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb.  “Heritage Foundation” tərəfindən hazırlanan hesabatda bildirilir ki, son on il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində Azərbaycan ümumi orta hesab üzrə regional və dünya göstəricilərindən üstün olaraq, Asiya-Sakit Okean regionunda 43 ölkə arasında 14-cü yerdədir.

“2018 İqtisadi Azadlıq” indeksi üzrə Azərbaycan Fransa, İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələrlə müqayisədə ön sıralarda yer tutub. Həmçinin əksər MDB ölkələrini də qabaqlayıb. İqtisadi azadlıq indeksi 4-ü əsas olmaqla, 12 alt-indikator əsasında formalaşır. Bura “Qanunun Aliliyi”, “Dövlət payı”, “Səmərəli tənzimləmə” və “Bazarların açıqlığı” daxldır. Alt-indikatorlara mülkiyyət hüquqları, məhkəmə effektivliyi, dövlət xərcləri, vergi yükü, fiskal sağlamlıq, biznes, maliyyə, əmək, pul, ticarət və investisiya azadlıqları aiddir. “Qanunun Aliliyi” indikatoru üzrə təyin olunan hər üç alt-indikator istiqamətində Azərbaycanda irəliləyiş əldə olunub ki, bu da ölkənin İqtisadi Azadlıq indeksi reytinqində bir pillə yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Digər indikatorlar üzrə də artım müşahidə olunur. İndeksə əsasən son üç il ərzində dövlət xərclərinin ÜDM-in 36,8 faizini təşkil etməsi müəyyənləşdirilib. Eyni zamanda, vergi yükü alt-indikatoru üzrə azalma qeyd olunub və ümumi vergi yükü ümumi gəlirin 15 faizini təşkil edib. Fiskal sağlamlıq alt-indikatoru dünya orta göstəricilərini üstələyərək, 95,5 faiz səviyyəsindədir.  Qeyd edək ki, son zamanlar  Azərbaycanın “2018 İqtisadi azadlıq indeksi”, “İnklüziv İnkişaf indeksi 2018”, “2018 Doing Business” və “Qlobal Rəqabətlilik İndeksi”ndə mövqeyinin gücləndirilməsi ölkəmizdə aparılan məqsədyönlü və köklü iqtisadi islahatlara verilən beynəlxalq qiymətdir.