Xarici xəbərlər

İrəvanda ümumxalq itaətsizliyi mitinqi keçirilib

06-02-2018 | 10:48        

  

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda  ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İrəvanda keçirilən ümumxalq itaətsizliyi aksiyasında etirazçılar hökuməti istefaya səsləyiblər.

Ermənistanda mövcud quruluşa qarşı çıxanlar  İrəvanda növbəti  yürüş-mitinqlərini keçiriblər. Aksiyaya “Yelk” partiyasının rəhbəri  Nikol Paşinyan başçılıq edib. Deputat bildirib ki, illər əvvəl sadə insanların qanını tökərək  hakimiyyəti ələ keçirən cinayətkar qruplaşmanın Ermənistana heç bir faydası yoxdur. Bu səbəbdən də əhalinin hökumətə itatətsizliyi  gündən günə artır. Nəticədə ölkədə vəziyyət gərginləşir. İrəvanın mərkəzi-Şarl Aznavur prospektində yürüş keçirən mitinq iştirakçılarının yalnız bir tələbi olub. Hökumət istefaya getməli və ölkəni sürüklədiyi tənəzzülə görə cavab verməlidir. Etirazçıların sözlərinə görə İldən-ilə dərinləşən böhran Ermənistanı tükədib. “Yelk” partiyasının parlament fraksiyasının üzvü  Edmon Manukyan hər kəsi Sarkisyan hökumətinə qarşı birləşməyə çağırıb. Deputat bildirib ki, hakimiyyətdə olanlar bu illər ərzində yalnız ölkəni təcrid vəziyyətinə salıb. Nəticədə Ermənistan uzun müddətdir dərin böhran içindədir və artıq bundan çıxış yolu yoxdur. Çünki, ölkədə sənaye tamamilə çöküb.  Serj Sarkisyan isə hələ uzun illər baş nazir postunda Ermənistanı idarə etməyi planlaşdırır. Onun bugünlərdə təqdim etdiyi 7 illik proqram da əhalinin narazılığı ilə qarşılanıb. Sarkisyan baş nazir olacağı təqdirdə ordunu  radikal şəkildə gücləndirəcəyini, hərbi xərclərin isə artırılacağını açıqlayıb. Aksiya iştirakçıları deyirlər ki, onlara silah yox, iş yerləri, çörək lazımdır. Ölkənin ticarət balansındakı defisit Ermənistan üçün çox qorxulu səviyyədədir – 3 milyard dollar. Beynəlxaq Valyuta Fondu da xəbərdarlıq edir ki, bank sistemi can üstündədir. Buna işsizlik, yoxsulluq, qiymətlərin kəskin artımı, güclənən miqrasiya əlavə ediləndə isə nəyin baş verəcəyini bilmək elə də çətin deyil. Ona görə də meydanlara axışanların sayı artır.  İnqilab ruhlu şüarların səsləndirildiyi mitinqdə hazırkı cinayətkar rejimdən can qurtarmağın yolları da müzakirə olunub.