İqtisadiyyat

Azərbaycan “Prodexpo 2018” beynəlxalq ərzaq sərgisində iştirak edib

06-02-2018 | 10:36        

  

Moskvada “Prodexpo 2018” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb. Fevralın 9-dək davam edəcək sərgidə Azərbaycan “Made in Azerbaijan” stendiylə təmsil olunmaqla yanaşı, həm də sözü gedən sərginin baş sponsoru kimi çıxış edir.

“Prodexpo 2018” beynəlxalq ərzaq sərgisində bu dəfə dünyanın 65 ölkəsindən 2000-dən çox şirkətin məhsulları nümayiş olunur. Sərgi zamanı ziyarətçilərə qeydiyyat zonasında sərginin baş sponsor ölkəsi - Azərbaycan haqqında məlumat verilir. Ölkəmiz sərgidə ilk dəfə “Made in Azerbaijan” milli stendini təqdim edir.Azərbaycana aid pavilyonda ölkəmizdə istehsal edilən həmçinin özünün keyfiyyəti və rəqabətqabiliyyətliyi ilə seçilən meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, qənnadı məmulatlarl, çay və sair məhsullar vahid ölkə stendində “Prodexpo 2018” beynəlxalq ərzaq sərgisinin ziyarətçilərinə təqdim edilir. Sərgi çərcivəsində “Expo Baku 2025”-in təbliğat materialları, katoloqları və video çarxları da nümayiş etdirilir.

Sərgidə Azərsun Holdinqin Azərçay markası da uğurla təmsil olunaraq, özünəməxsus təqdimat stendi yaratmışdı. Azərçay Sərgi iştirakçıları tərəfindən sevilməklə yanaşı,  böyük maraqla qarşılandı. Qeyd etməliyik ki, Azerçay Rusiya ilə yanaşı, dünyanın bir çox ölkələrində ölkəmizi və “made in azerbaijan” brendini uğurla təmsil edir.

“Prodexpo 2018” beynəlxalq ərzaq sərgisinin iştirakçıları da Made in Azərbaycan brendi ilə təqdim olunan Azərbaycan məhsullarının dadından danışdılar. Qeyd olundu ki, Azərbaycan  məhsulları Rusiya bazarında kifayət qədər tanınır və onlara böyük  tələbat var.

Qeyd edək ki, "Prodexpo2018" Beynəlxalq Ərzaq Sərgisi regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri hesab olunur. Ərzaq sərgisinin rəsmi internet saytında habelə sərgi ziyarətçilərinə təqdim olunan katoloqlarda, bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib.Bundan başqa, sərginin keçirildiyi zallarda yerləşən bütün monitorlarda “Made in Azerbaijan” brendinin reklam çarxları nümayiş olunur.