İqtisadiyyat

Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub

06-02-2018 | 10:33        

  

Azərbaycan Çin ilə Avropa arasında dəmir yolu əlaqəsində vacib tranzit ölkədir. Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər nəqliyyat dəhlizi artıq bütün infrastruktur imkanlarına malikdir. Bu fikirlər iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyətinin Çin rəsmiləri ilə keçirdiyi görüşlərdə səslənib.

 Azərbaycan nümayəndə heyətinin Çinin nəqliyyat naziri Li Siaopan ilə görüşündə qədim tarixi olan münaisbətlərimizin son illər bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində inkişaf etdiyini vurğulanıb.Nazir Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib, Prezident İlham Əliyevin Çinə səfərləri zamanı əldə olunan razılaşmaların icrasının əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan böyük nəqliyyat-tranzit potensialına malikdir, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. "Trans-Xəzər Nəqliyyat Dəhlizi"nin üstünlüklərini diqqətə çatdıran nazir, bu dəhlizin coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu deyib. Çinin nəqliyyat naziri Li Siaopan Azərbaycana Çin ilə əlaqələrin inkişafına və "Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edib. O, Azərbaycanınn tarixən Avropa ilə Asiya arasında dəhliz rolunu oynadığını, Çin ilə Avropa arasında dəmir yolu əlaqəsində vacib tranzit ölkə olduğunu diqqətə çatdırıb. Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin Çinin "Bir kəmər, bir yol” strategiyası ilə üst-üstə düşdüyünü bildirən çinli nazir Azərbaycanın İpək Yolunun bərpasına yönələn səylərini yüksək qiymətləndirib, ölkəmizlə bundan sonra da tranzit sahəsində əməkdaşlığı davam etdirəcəyini qeyd edib. Çinin kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin ilə görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Şahin Mustafayev ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 43 faiz artdığını, Azərbaycanda 100-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyini, Çinə bir neçə ixrac ixrac missiyalarının təşkil edildiyini, iş adamlarının iştirakı ilə 8 biznes forumun keçirildiyini deyib. Çinin kommersiya nazirinin müavini Fu Ciyin bir neçə il əvvəl Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Azərbaycanın səyləri ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini bildirən Çin rəsmisi, Transxəzər nəqliyyat dəhlizinin artıq bütün infrastruktur imkanlarına malik olduğunu deyib. Vurğulanıb ki, Çinin Kommersiya Nazirliyi müvafiq dövlət qurumları və özəl sektor təmsilçiləri ilə Transxəzər nəqliyyat dəhlizinin imkanlarından istifadə ilə bağlı müzakirələr aparacaq.

Səfər çərçivəsində Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub. Prezident İlham Əliyevin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanına uyğun olaraq, ötən il Azərbaycanın Çində Ticarət Nümayəndəliyi yaradılıb. Ümumiyyətlə, Azərbaycanın Çin ilə yanaşı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələri fəaliyyət göstərir.

Azərbaycan nümayəndə heyətinin Şencen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası və Çin Dəmir Yolunun 19-cu Bürosunun nümayəndələri ilə görüşündə Assosiasiyanın fəaliyyəti barədə məlumat verilib. Görüşdə qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə sənaye sahəsində əməkdaşlıq, eləcə də 2017-ci ildə Qaradağ Rayon İcra Hakimiyyəti ilə Şencen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyinin yaradılmasına dair imzalanan  saziş barədə müzakirələr aparılıb.