İqtisadiyyat

Paytaxtın Babək prospekti yenidən qurulur

06-02-2018 | 08:54        

  

Bir müddət əvvəl əsaslı təmir işlərinə başlanılan paytaxtın Babək prospektində yeni asfalt qatının vurulmasına başlanılıb. Ən müasir tələblər səviyyəsində yenidən qurulan avtomobil yolu  yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İlin əvvəlindən paytaxt yollarının yenidən qurulmasına start verib. Xətai və Nizami rayonları arasında uzanan, Bakı şəhərinin əsas nəqliyyat arteriyasını təşkil edən Babək prospekti də bu yollardandır. Burda hərəkətin intesivliyini təmin etmək üçün uzunluğu 8.7 kilometr olan prospektdə əlavə tikinti işləri aparılır, manevr və dönmə zolaqları salınır. Avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bunları nəzərə alaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospektin yenidən qurulmasına başlanılıb. Prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənir, deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kvadratmetr sahədə ortalama bir metr dərinliklə qazılaraq kipləşdirmə işləri aparılır və bərpa edilir. İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca təqribən istismar müddəti bitmiş 20 kilometr uzunluğunda və müxtəlif diametrə malik su xətləri, həmçinin 4 kilometrə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir. Səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi ya bərpa olunur, ya da yeni sistem qurulur. Prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənəcək. Köhnə piyada səkiləri bərpa olunur və 15 min 200 kvadratmetr sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da yenidən qurulur. Prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür. Yolun hərəkət hissəsi bərpa olan ərazilərə isə artıq yeni asfalt-beton örtüyü döşənir. Prospektin 323 min 609 kvadratmetr sahəsinə 3 qat yeni asfalt-beton örtüyünü salınır. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 22 yerdə xüsusi “cib”li hissələrin tikintisi də nəzərdə tutulub.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının nəqliyyat yükünün azaldılmasına əhəmiyyətli dərəcədə təsir edəcək.